İctimai nəqliyyatda nədən narazıyıq?
İctimai nəqliyyatın işinin səmərəli təşkili, xidmət səviyyəsinin yaxşılaşdırılması istiqamətində son dövrlərdə sistemli və ardıcıl tədbirlər həyata keçirilir. Məhz bu səbəbdən də avtobus sürücülərin bir çox qaydalara riayət etməmələri, sərnişinlərlə kobud rəftarları, dayanacaqdan kənarda saxlamaları və digər neqativ halların sayının azalmasının şahidi oluruq. Bununla belə, hələ də bəzi yollarda zaman-zaman nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Bakı Nəqliyyat Agentliyi bu tıxacların aradan qaldırılması və umumiyyətlə yol hərəkətinin təşkili ilə baölı hans işlər görür? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu və digər suallara aydınlıq gətirilib.
Bakı Nəqliyyat Agentliyinin əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayevin sözlərinə görə paytaxt yollarında müşahidə edilən tıxacların yaranma səbəblərindən biri elə sürücülərdir: "Bəzən hətta üçüncü hərəkət zolağında belə parklanmaya rast gəlinir. Bu da günün müxtəlif saatlarında, xüsusən də axşam saatlarında tıxacın yaranmasına səbəb olur". M.Ağayev deyib ki, 10-a yaxın küçə və prospektlə bağlı təkliflər hazırlanıb və müsbət razılıq alınıb: ""Koroğlu" metrostansiyasının qarşısında tıxacın aradan qaldırılması üçün təkliflər hazırlanıb. Metronun piramidalı çıxışı boyunca dəmirlər qoyulacaq ki, piyadaların, sərnişinlərin yolu hərəkət hissəsinə çıxışının qarşısı alınsın. Eyni zamanda həmin ərazidəki dayanacaq məntəqəsinin ləğv edilməsini məqsədəuyğun hesab etdik".
Qurum rəsmisi deyib ki, paytaxtda fiziki qüsuru olan şəxslər üçün pandusların quraşdırılması davam edir: "Piyadaların təhlükəsizliyini təmin etmək üçün panduslar olan ərazilərdə dəmir məhəccərlər də quraşdırılıb". Mais Ağayev həmçinin deyib ki, avtobusların da fiziki qüsuru olan insanlara uyğunlaşdırılması nəzərdə tutulur.
"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.