Bayram günlərində necə qidalanmalıyıq? - DİETOLOQDAN AÇIQLAMA
Novruz bayramına sayılı günlər qalıb, buna görə də bayram günlərində süfrələrimizi müxtəlif dadlı təamlar, şirniyyatlar, çərəzlər bəzəyəcək. Bayram abu-havasının hiss olunduğu bu günlərdə mədəmiz necə bayram edəcək? Bayramı sağlam olaraq başa vurmaq üçün nələrə diqqət etmək lazımdır? Bu və digər sualları APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında həkim-dietoloq Şəfa Yadigarova cavablandırıb.
Həkim-dietoloq deyib ki, artıq çəki almaq ilk növbədə metabolizmin sürəti ilə bağlıdır: "Hər kəsə buradan məsləhət görürəm, birinci növbədə qidadan heç olmazsa 30-40 dəqiqə öncə 2-3 sayda fincan ilıq su içsinlər. Su daim dotasiya olunmalıdır. Su hər zaman süfrənizdə, stolunuzda, yəni harada olduqda su daim içilməlidir". Şəfa Yadigarlının sözlərinə görə bayramdan öncə daha çox təbii, bişirilməmiş tərəvəzlərə, çiy tərəvəzlərdən hazırlanan salatlara üstünlük vermək lazımdır.
Şəfa Yadigarova yüksək kalorili qidalardan danışıb: "Əgər 300 kalori bir aşdırsa 100 qramı, paxlava 750, şəkərbura 650 təşkil edir. İnsan düşünürsə yalnız bir şəkərbura, bir paxlava, bir qoğal yemişəm, mən hesablayanda deyirəm ki, siz bir boşqab yox, bir qazan aş yemişsiniz". Həkim-dietoloq deyib ki, ətin yanında bol göyərtinin olması daha məsləhətdir.
Bitki çaylarını danışan Şəfa Yadigarlının sözlərinə görə bu cür çaylardan istifadə, mədədə həzm prosesinə müsbət təsir göstərir.
"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.