Mərkəzi Bankın faiz dərəcəsini endirməsi əhaliyə necə təsir edəcək?

Azərbaycan Respublikası Mərkəzi Bankı ilin əvvəlindən artıq 2-ci dəfə uçot dərəcəsini aşağı saldı. Aprelin 9-da uçot dərəcəsi 13%-dən 11%-ə endirildi. Bundan əvvəl isə fevral ayında uçot dərəcəsi 15-dən 13%ə endirilmişdi. Mərkəzi Bank bu qərarını makroiqtisadi vəziyyətin yaxşılaşması, o cümlədən inflyasiyanın birrəqəmli səviyyəyə düşməsi ilə əlaqələndirdi. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov gələcəkdə də uçot dərəcəsinin azaldılması üçün potensialın olduğunu bildirib. Növbəti dəfə uçot dərəcəsinin azaldılması məsələsinə iyunun 14-də baxılacaq. Bəs uçot dərəcəsinin azaldılması ölkə iqtisadiyyatına hansı təsirləri göstərəcək? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu məsələyə aydınlıq gətirilib.

 

İqtisadçı-ekspert Cəfər İbrahimli deyib ki, Mərkəzi Bankın uçot dərəcəsini iki dəfə aşağı endirməsi valyutanın məzənnəsində nisbi sabitləşmədən xəbər verir: "Mərkəzi bank "yumşaq pul" siyasətinə keçir. Daha çox bazarda pul kütləsinin tədavülünü artıraraq, bu vəsaitin iqtisadiyyatın kreditləşməsinin yönəlməsinə çalışır". Ekspert deyib ki, kreditləşməni stimullaşdırmaq məqsədilə banklar əllərində olan vəsaiti kreditləşməyə yönəltməli və bununla da faiz dərəcəsini aşağı salmalıdırlar. Cəfər İbrahimli hesab edir ki, kreditləşmə ümumdaxili məhsulun artımına səbəb ola bilər. Ekspert onu da deyib ki, hazırkı inflyasiya ötən illərlə müqayisədə yüksəkdir. 

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

Müəllif | Apa.Tv
Apa.tv