"Bəzi bağçalarda rəqs dərsi toy kasetləri ilə keçirilir"- EKSPERT

Bu gün Azərbaycandakı bağçaların standartları beynəlxalq standartlara uyğunlaşırmı? Övladlarını bağçaya qoymaq istəyən valideynlər əsasən nələrə diqqət yetirməlidir? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu suallara aydınlıq gətirilib.

 

Təhsil üzrə ekspert Kamran Əsədov deyib ki, hazırda icra hakimiyyətlərinin  tabeliyində olan dövlət uşaq bağçalarının Təhsil Nazirliyinə verilməsinə ehtiyac var. Ekspert bunun bəzi səbəblərini də açıqlayıb. "Dövlət uşaq bağçalarında çalışan müəllimlərin bilik və bacarıqları dövrün tələblərinə cavab vermir. Konkret olaraq Statistika Komitəsinin ortaya qoyduğu statistik göstəricilərə baxanda görürük ki, bu gün dövlət bağçalarında çalışan şəxslərin ali təhsilləri yox səviyyəsindədir. Yəni bu qurumu idarə edənlərin 60%-nin ali təhsili yoxdur. Tərbiyəçilərin isə 80%-ə qədərinin ali təhsili yoxdur".

 

Ekspertin sözlərinə görə özəl bağçalarda uşaq sayı dövlət bağçaları ilə müqayisədə azdır: "Hesab edirəm ki, dövlət bağçalarının Bakı şəhərindəki infrastrukturu kifayət qədər yüksəkdir. Problem burada məhz uşaq bağçalarına qəbulda yaranan neqativ hallarla bağlıdır".

 

Kamran Əsədov həmçinin deyib ki, dövlət uşaq bağçalarının çatışmaz cəhətlərindən biri də vahid tədris proqramının olmamasıdır: "Əslində uşaq bağçalarında biliklər yox, bacarıqlar öyrədilməlidir. Onlarda gigiyenik qaydalara riayət edilmə, onların psixoloji hazırlığı, onların problemi situasiyadan çıxışı kimi bacarıqlar öyrədilməlidir. Amma baxın dövlət bağçalarının tədris proqramı varmı? Xeyr". 

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

Müəllif | Apa.Tv
Apa.tv