Bakıda parklanma qiymətləri qalxır? - RƏSMİ
Bu gündən Bakıda “Formula-1”ə start verilib. Təbii ki, formulanın keçirildiyi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, ictmai nəqliyyatın hərəkətində dəyişikliklər edilib. Hətta, Bakı Nəqliyyat Agentliyi 17 marşrutun hərəkət sxeminin dəyişdirildiyini açıqlayıb. APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında hərəkət istiqaməti dəyişdirilən marşrutlar üzrə şəhər əhalisinin alternativ seçim imkanlarından və ümumilikdə Agentliyin yeni səlahiyyətlərindən, gələcəkdə görüləcək işlərdən danışılıb.
Bakı Nəqliyyat Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, "Formula-1" yarışları ilə əlaqədar bir sıra marşrut xətlərinin fəaliyyəti məhdudlaşdırılıb, bəzilərinin isə istiqaməti dəyişdirilib: "125 nömrəli marşrut xətinin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılıb. 125 saylı marşrutunun fəaliyyətinin dayandırılması may ayının 1-i, səhər saatlarına qədər qüvvədə olacaq".
Qurum rəsmisi Bakı Nəqliyyat Agentliyinin yeni səlahiyyətlərindən də danışıb: "Həmin nizamnaməyə əsasən parklanma yerinin təşkili və idarə olunması da Bakı Nəqliyyat Agentliyinə həvalə olunub. Bakı şəhərində parklanma sahəsində müəyyən çatışmazlıqlar var. Bakı Nəqliyyat Agentliyinin parklanma ilə bağlı bir neçə hədəfləri var. Bu hədəflərdən biri və ən əsası avtomatlaşdırılmış sistemin qurulmasıdır".
Mais Ağayev parklanma qiymətlərinin artması ilə bağlı sualı cavablandırıb: "Yox, gəlin indidən o barədə danışıb, camaatda ajiotaj yaratmayaq. Yəni qiymət artımı ilə bağlı ümumiyyətlə danışmaq istəmirəm. Bu barədə fikir söyləmək indidən yanlışlıq olar. Əsas məsələ təhvil-təslim işlərinin getməsidir. İkincisi qiymət Agentlik tərəfindən deyil, Tarif Şurası tərəfindən müəyyənləşir".
Mais Ağayev deyib ki, taksi xidməti ilə bağlı çatışmazlıqların aradan qaldırılması məqsədilə təkliflər hazırlanır. Qurum rəsmisinin sözlərinə görə hazırda hava limanı üzrə taksi xidmətinin yaradılması ilə bağlı işlər aparılır.
"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.