İmmunlaşdırılma həftəsi nə üçün keçirilir?
Avropada olduğu kimi ölkəmizdə də hər il immunlaşdırma həftəsi keçirilir. Aprelin 23-dən 29-dak baş tutan İmmunlaşdırma Həftəsinin keçirilməsində əsas məqsəd peyvənddən kənarda qalan uşaqları peyvəndləşməyə cəlb etmək olub. Bu gün Azərbaycanda bir çox valideynlər peyvəndləşməyə qarşı olsa da, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi qurum olaraq öhdəsinə düşən vəzifəni yerinə yetirməyə çalışır. Bu gün Azərbaycanda əhalinin peyvəndləşmə ilə bağlı məlumatlılığı hansı səviyyədədir? Ümumiyyətlə, immunlaşdırma ilə müəyyən xəstəliklərin kökünü tamamilə kəsmək mümkündürmü? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu suallara aydınlıq gətirilib.
Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva peyvəndlə bağlı görülən tədbirlərdən danışıb: "Hal-hazırda peyvəndlərlə idarə olunan 11 infeksiyaya qarşı peyvəndləndirmə işləri aparılır. Aparılan tədbirlərin nəticəsidir ki, Azərbaycanda 1996-cı ildən polimilit xəstəliyi qeydə alınmır. Bu çox ağır xəstəlikdir. Yoluxucu xəstəliklərin profilaktikasında vaksindən effektiv vasitə ola bilməz. Yalnız vaksinasiya vasitəsilə xəstəliklərin kökünü kəsə bilmişik". A.Əliyevanın sözlərinə görə 2008-ci ildən Azərbaycanda məxmərək xəstəliyi qeydə alınmır.
Son dövrlərdə valideynlərin peyvəndlərə xüsusi maraq göstərməsini deyən Afaq Əliyeva bunu aparılan maarifləndirmə işlərinin effektivliyi ilə əlaqələndirib. O həmçinin qeyd edib ki, immunlaşdırma həftəsi də peyvənd təqviminə uyğun olaraq həyata keçirilir.
"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.