Qəbul imtahanlarında abituriyentlər nələri bilməlidirlər?

Mayın 13-də həm valideynlər, həm də abituriyentlərin həyəcanla gözlədiyi qəbul imtahanları start götürür. Dövlət İmtahan Mərkəzi bazar günü 2-ci və 3-cü ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirəcək. Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda keçiriləcək imtahanlarda ümumilikdə 36559 abituriyentin iştirakı gözlənilir. Bu o deməkdir ki, artıq 36559 abituriyent imtahanda iştirak üçün öz ərizələrini təsdiq edib. Növbəti addım isə imtahanda iştirak edərək nəticə göstərməkdir. Abituriyentlər imtahan zamanı nələrə diqqət etməlidirlər? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu və digər suallara aydınlıq gətirilib.

 

Dövlət İmtahan Mərkəzinin mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə  deyib ki, abituriyent imtahana gəlməzdən öncə, məktəbin yerini mütləq dəqiqləşdirməlidir: "İmtahana gələrkən üzərilərində nələrsə gətirməsinlər. Ən çox mobil telefon, dəftər gətirirlər". Qurum rəsmisi deyib ki, imtahanda köçürməyə cəhd edən abituriyent növbəti imtahana da buraxılmayacaq. 

 

Xanlar Xanlarzadə deyib ki, bir imtahanda həm cari, həm də ötən ilin məzunları iştirak edə bilərlər: "May ayının 17-dən iyun ayının 14-ə qədər olan müddətdə abituriyentlərə icazə veriləcək ki, onlar elektron ərizələrinə daxil olsunlar və ikinci imtahanda iştirakları barədə qeydi əlavə etsinlər elektron ərizələrinə... İndi qaydalarda dəyişiklik var, onlar fərqli ixtisas qrupunu da seçə bilərlər".  Qurum rəsmisi tövsiyə edib ki, elektron ərizə abituriyentin özü tərəfindən doldurulmalıdır.

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.  

Müəllif | Apa.Tv
Apa.tv