Ailə büdcəsini necə formalaşdırmaq olar?

Ailə kiçik dövlətdir və dövlət büdcəsi anlayışı olduğu kimi, ailə büdcəsi anlayışı da mövcuddur. Çünki maddi problemlər ailədaxili problemlərin yaranmasına səbəb olur. Bu baxımdan ailədə büdcə strukturunun formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Ailə büdcəsini səmərəli etmək üçün nə tələb olunur? APA TV -nin "Sosium" layihəsinin növbəti buraxılışında ailə büdcəsinin formalaşması və idarə olunması problemlərindən danışılıb.

 

İqtisadçı ekspert, marketoloq Arzu Qafarlı deyib ki, ən çox hərəkətdə olan ailələrin büdcəsi yaxşı formalaşmış olur: "Ailə büdcəsi, ailə üzvlərinin təmin olunmalarının ən başlıca mənbələrindən biridir. Aktiv büdcə o deməkdir ki, gəlirlər xərclərdən çoxdur. Passiv büdcə də budur ki, xərclər gəlirlərdən çoxdur". 

 

Ekspert deyib ki, ailə büdcəsini tənəzzülə uğratmamaq üçün hər bir ailə üzvü öz xərclərini gəlirlərə uyğun qurmalıdır: "Təkcə qida məhsulları yox, qeyri-qida məhsullarının da alınması üçün ailədə fond yaradılmalıdır. Boşanmalarda gəlirin az olmasını bəhanə etsələr də, bir növ etibarsızlıqdan baş verir. Etibarlılıq məhz gəlirdən yaranır. Bəy qəpiyinə kimi xırdaçılığa getməsə, yaxud pulunu gizlətməsə, onu səmərəli istifadə etsə, ailədə həmişə güvənlilik olacaq". Arzu Qafarlı hesab edir ki, ailə büdcəsinin formalaşması təkcə bir nəfərin üzərinə düşməməlidir, hər iki tərəf onun yükünü çiyinlərində daşımalıdır.

 

Arzu Qafarlı hesab edir ki, ailə büdcəsində təhsilə qənaət etmək düzgün deyil, çünki təhsil birbaşa investisiyadır.

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

 

Müəllif | Apa.Tv
Apa.tv