Müəllimlərin attestasiya imtahanının ləğvi təhsilə necə təsir edəcək?
Azərbaycanın dövlət ümumtəhsil müəssisələrində müəllimlərin attestasiyası ləğv edilir. Bununla bağlı Əmək Məcəlləsinin 66-cı yeni bənd əlavə edilib. Attestasiya imtahanının ləğvi ölkəmizin təhsil sisteminə necə təsir göstərəcək? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu və digər məsələlərə aydınlıq gətirilib.
Təhsil eksperti Kamran Əsədov deyib ki, müəllimin əmək haqqında attestasiyadan keçməsi təsir göstərmir: "Amma sertifikasiya isə çalışan şəxsin birbaşa əmək haqqına təsir göstərəcək. Təhsil Nazirliyində sertifikasiya keçməyin məqsədi ondan ibarətdir ki, dövlət nümunəli diplomu olmayan şəxslər və ya təhsil göstəriciləri uyğun olmayan şəxslərə sertifikat verilməsin". K.Əsədov hesab edir ki, sertifikasiya keçirilərsə, bəzi bu sınaqdan üzü ağ çıxa bilməyəcək: "Sizə 5 il müddətində fəaliyyət lisenziyası verildi, amma siz növbəti dəfə tələb olunan standartlara cavab verməyəcəksinizsə, sizin müəllimlik fəaliyyətiniz xitam veriləcək. Növbəti 5 ildə fəaliyyət göstərmək üçün lisenziyanı və sertifikatı yenidən almalısınız. Sertifikasiya müəllimlərin tək bilik və bacarığına deyil, fəaliyyətinə də təsir göstərəcək".
Təhsil eksperti deyib ki, müəllimin 120 manat məvacib almasının səbəbini diaqnostik imtahanların nəticələrində axtarmaq lazımdır: "Sizə maksimum dərs saatı o vaxt verilə bilər ki, sizin diaqnostik qiymətləndirmədə nəticələriniz 40 baldan üstün olsun".
"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.