Azərbaycanda uşaq hüquqlarının müdafiəsi nə yerdədir?
İyunun 1-i bütün dünyada Uşaqları Müdafiə günü kimi qeyd olunur. Uşaqlar və onlarla bağlı problemlər həmişə cəmiyyətdə xüsusi həssaslıqla qarşılanır. Çox təəssüf ki, bəzən bu kimi məsələlər yalnız əlamətdar günlərdə daha çox yada düşür, daha çox işıqlandırılır. Halbuki uşaqlar bizim gələcəyimizdir və onları əhatə edən bütün qayğılar nəinki yalnız onların valideynlərinin, yaxınlarının, eləcə də cəmiyyətin hər zaman diqqət mərkəzində olmalıdır. APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında Azərbaycanda uşaq hüquqlarının qorunmasından danışılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlovanın sözlərinə görə bu gün Azərbaycanda heç kim təhsildən kənarda deyil: "Bu gün bir sıra uşaqlar var ki, onlar ailədən kənardadırlar. Bu uşaqların yenidən ailəyə qayıtması prioritet məsələlərdəndir". A.Veysəlova deyib ki, Azərbaycanda uşaq əməyinin istismarı ilə bağlı monitorinqin keçiriləcəyini bildirib.
Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli koordinatoru Nabil Seyidov küçədə yaşayan uşaqların himayə edilməsi məsələsinə toxunub: "Küçədə gecələyən uşaqların sayı get-gedə azalıbdır. Bizi daha çox narahat edən iki qrup uşaqlardır. Onlardan biri "qaraçı" dediyimiz uşaqlardır, çünki əslində biz "qaraçı" termininin əleyhinəyik. Bu uşaqdır və dövlətin himayəsindədir, dövlətin birbaşa müdafiəsinə ehtiyac duyur". N.Seyidovun sözlərinə görə bu uşaqlar barədə cinayət işi açmaq düzgün deyil və mərkəzi və regionların hakimiyyət orqanları onlara daha çox diqqətlə yanaşmalıdır.
"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.