Qida təhlükəsizliyi, yararsız ərzaq məhsulları və saxta endirimlər…
Ötən il ərzaq mağazalarından 50 ton yararsız ərzaq məhsulları aşkarlanıb. Həmin məhsulların əksər hissəsi, təxminən 40 tonu müvafiq qaydada, qanunvericiliyə uyğun olaraq məhv edilib.
Bu barədə APA TV-də yayımlanan "Sosium" verilişinin qonağı olan İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Zahid Şərifov məlumat verib. Onun sözlərinə görə, 2014-ci ilin son iki ayı ərzində isə satışdan çıxarılan məhsulların çəkisi 27 tondan çox olub: "Bu il məhv edilmiş məhsulların ümumi miqdarı 14 ton təşkil edib. Hələ də reydlər davam edir. Bir çox dükan sahibləri buraxdığı nöqsanlara görə cərimələnib, inzibati məsuliyyətə cəlb edilib".
Verilişin digər qonağı, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə yararsız hesab edilən ərzaqlarla bağlı tətbiq edilən cəza mexanizmlərinin düzgün olmadığını bəyan edib. Mütəxəssis hesab edir ki, bu cür cəza sanksiyaları dolayısı ilə istehlakçıların büdcəsinə təsir edir: "Bu səbəbdən də həmin malların böyük bir qismi məhv edilməməlidir. Ümumiyyətlə inzibatı üsullar dəyişməlidir. Elə etmək lazımdır ki, sahibkarlar sıxışdırılmasın".
Verilişdə saxta endirimlər məsələsinə də aydınlıq gətirilib, saxta endirimləri necə müəyyən etməyin yolları izah olunub...