Peşə məktəblərinin əvvəlki nüfuzu geri qayıdır...


"İlk peşə-ixtisas təhsili müəssisələrini bitirən şəxslərin sayı iqtisadiyyatın tələbatı ilə üst-üstə düşmür. Son illər ümumi təhsil müəssisələrini bitirən məzunların yalnız 11 faizinin ilk peşə-ixtisas təhsili müəssisələrini seçməsi, ümumilikdə həmin pillədə təhsil alanların cəmi 25-27 min nəfər təşkil etməsi əhalidə ilk peşə-ixtisas təhsilinə marağın aşağı olduğunu göstərir. Ötən il təsdiq edilən Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası toxunulan bu vəziyyətin aradan qaldırılması üçün Təhsil Nazirliyi artıq hərəkətə keçib”. Bu fikirləri "Sosium"un qonağı olan İsmayıllı peşə tədris mərkəzinin direktoru Zaur Muradov deyib. Onun sözlərinə görə, yeni strategiyaya əsasən, Təhsil Nazirliyi yeni istiqamətlər üzrə kadr hazırlığına başlanıb.

 

"Sovet dövründəki peşə ixtisaslarının əksəriyyətinə indi ehtiyac yoxdur. Bu gün Azərbaycanda turizm sahəsi, aşpazlıq, bərbərlik kimi sahələrdə peşə hazırlığına ehtiyac var. Peşə təhsilinə marağı artırmaq üçün kəmiyyətə yox, keyfiyyətə fikir vermək lazımdır. İqtisadi artım elə sürətə dəyişir ki, avadanlıqlar sürətlə köhnəlir. Elə bahalı avadanlıqlar var ki, təhsil müəssisəsinə paylanıb qurtarana qədər onların müddəti keçir. Bu avadanlıqların yenilənməsində kadra ehtiyacı olan qurumlar maraqlı olmalıdır".

 

Zaur Muradov deyib ki, Təhsil Nazirliyi peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin yaradılmasını nəzərdə tutur: “Bu mərkəzlərdə şagirdlərlə yanaşı, müəllimlərin də yenidən ixtisaslaşması nəzərdə tutulur. Sovet dövründə peşə təhsili dərsini oxumayan uşaqlar üçün cəza tədbiri hesab olunurdu. İlk öncə bu fikri aradan qaldırmaq lazımdır”. 

Müəllif | Apa.Tv