Azərbaycanlı uşaqları ən çox hansı ölkənin vətəndaşları övladlığa götürür?

“Ailə, Qadın və Uşaq  Problemləri Komitəsi yalnız azərbaycanlı uşaqların xarici vətəndaşlar tərəfindən övladlığa götürülməsinə nəzarət edir. Statistik məlumatlara görə, 2013-cü il ərzində yerli vətəndaşların övladlığa götürülməsi halları daha çox olub, təxminən 900-dən artıq belə fakt qeydə alınıb. Yerli ailələr daha çox 0-3 yaş arasında olan uşaqları övladlığa götürürlər. Daha bir fakt isə yerli ailələrin daha çox oğlan uşaqlarını övladlığa götürməsidir. Lakin son illər bu tendensiya dəyişib və artıq qız uşaqlarını da övladlığa götürülməsi halları artıb. Övladlığa götürərkən yerli ailələrin əsas şərti uşağın tam sağlam olmasıdır. Xarici ailələr isə buna əhəmiyyət vermirlər. Onlar belə uşaqları övladlığa götürdükdən sonra müalicə etdirirlər”. Bu fikirləri APA TV-nin efirində yayımlanan “Sosium” proqramının qonağı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümova bildirib. 

 

Qonaq yerli ailələrin övladlığa götürməsi ilə bağlı prosedur qaydalarını ətraflı izah edib: “Yerli vətəndaşların övladlığa uşaq götürməsi ilə nə Təhsil Nazirliyi, nə də Səhiyyə Nazirliyi məşğul  olur. Qanunvericiliyə əsasən, Azərbaycan ailələrinin övladlığa götürməsi ilə yerli icra hakimiyyətlərinin yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyaları məşğul olmalıdır. Təhsil və Səhiyyə Nazirlikləri valideyn himayəsindən məhrum olan uşaqların uçotunu aparır. 3 yaşına qədər uşaqların qeydiyyatı ilə bağlı məlumat Səhiyyə Nazirliyində, 3 yaşından sonra isə Təhsil Nazirliyində olur. Hər iki qurumda ümumiləşdirilmiş məlumatlar bizim komitəyə göndərilərək vahid uçot bazası yaradılır”. 

 

Vəsilə Möhsümova qəyyumluqla bağlı qanunvericiliyə dəyişikliklərin vacibliyini qeyd edib: “Keçmiş SSRİ dövründə qəbul olunmuş qəyyumluq qanunvericiliyi hələ də yenilənməyib. Qəyyumluqda olan ştatlar da azdır, icra hakimiyyətlərinin müvafiq komissiyası cəmi 2 nəfərdən  - katibdən və psixoloqdan ibarətdir. Regionlarda uşaq müdafiə sistemi yaradılmalıdır”.

 

Övladlığa verilmə zamanı əsasən uşaqların maraqların təmin olunmasının vacibliyini vurğulayan Vəsilə Möhsümova bu məsələlərin vahid qurumda cəmləşməsini labüd hesab edir: “1990-cı ildə Haaqada qəbul olunmuş və 2003-cü ildə Azərbaycanın da ratifikasiya etdiyi beynəlxalq konvensiyaya əsasən, ilk növbədə, uşaqların maraqları təmin olunmalıdır. Bəzən hansısa maraqlara əsasən, övladlığa götürmək üçün müraciət edən ailələr arasında növbəlilik prinsipi pozulur və uşaq üçün bəlkə də uyğun olmayan ailə qabağa keçir. Unutmaq olmaz ki, ailə qapalı bir qurumdur, nə qədər nəzarət mexanizmi olsa da, ailədaxili baş verən prosesləri öyrənmək mürəkkəb işdir. Bu zaman heç bir qurum yaranan fəsadların qarşısını almağa qadir deyil. 2007-ci ildən bu günə qədər bizim Komitənin gördüyü praktik işlər özünü doğruldub. Artıq həm təcrübə, həm də kadr baxımından baza formalaşıb. Bizim 11 regionda ailə və uşaqlara dəstək mərkəzlərimiz fəaliyyət göstərir. Övladlığa verilmə və qəyyumluqla bağlı işlərin görülməsi üçün potensial qüvvəmiz var. Üstəlik, Komitənin səlahiyyətləri dövründə övladlığa verilmiş uşaqlarla bağlı heç bir problem yaşanmayıb”.

Qonaq əcnəbilərə övladlığa verilən uşaqlara nəzarət mexanizmi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təcrübəsindən də danışıb: “Məhkəmə qətnaməsi ilə uşaq əcnəbi ailəyə təhvil verilərkən ailənin qarşısına müəyyən şərtlər qoyulur. Bu şərtlərə əsasən, ailə 3 il ərzində ildə 2 dəfə olmaqla, uşağa aid hesabatları Komitəyə təqdim etməlidir. Buna uşağın ailəyə və ətraf mühitə uyğunlaşması, sağlamlığı, təhsili və s. barədə məlumatlar daxildir. Bütün bunlara 15 dəqiqəlik videogörüntü də əlavə olunmalıdır. Bu hesabat müvafiq xarici dövlətin övladlığa götürmə ilə məşğul olan qurumu tərəfindən təsdiqlənir və komitəyə təqdim olunur. Yerli övladlığa götürmə ilə bağlı bu şəkildə nəzarət həyata keçirilərsə, qənaətbəxş nəticələr əldə etmək olar”.

Müəllif | Apa.Tv