Məhbuslar azadlıqda olan ailələrinin xərclərini necə qarşılaya bilər?
“Azərbaycanda məhbusların gündəlik xərcləri təxminən 6-8 manata başa gəlir. Bu isə il ərzində təxminən 70 milyon manat vəsait deməkdir”.
Bunu APA TV-nin efirində "Sosium" verilişinin qonağı Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyinin sədri Kamil Səlimov deyib.
Onun sözlərinə görə, dövlət bu xərci məhbusların öz hesabına azalda bilər: "ABŞ həbsxanalarının illik dövriyyəsi 72 milyard dollar təşkil edir, bunun 50 milyardı qoyulan sərmayədirsə, 22 milyardı sırf gəlirdir. Beynəlxalq təcrübədə həbsxanalarda məhkumların əməyə cəlb edilməsi onların islah prosesini surətləndirməklə yanaşı, səmərəli gəlir sahələrindən biri sayılır. Bir çox dövlətlər həbsxanalarda istehsalat sahələrini inkişaf etdirməklə həm də məhkumlara sərf edilən dövlət büdcəsinə qənaət edirlər ".
Bu gün Azərbaycanda məhbusların işləməli olduğu ərazilərin 70-80 faizi boşdur. Kamil Səlimovun fikrincə, bu istiqamətdə işlərin görülməsi üçün ilk növbədə qanunvericilikdə dəyişiklər olunmalıdır: "Qanunvericiliyə görə, dövlətin sifarişləri rəqabətlilik prinsipinə əsasən icra olunur.Yeni tender vasitəsi ilə sifariş icraya yönəldilir. Amma qanunda müəyyən dəyişiklərlə dövlət idarələri üçün lazım olan xüsusi geyimlər, formalar, məktəb partaları və stollar dustaqlar tərəfindən istehsal oluna bilər. Bu, həm ucuz başa gəlir, həm də məhbusların məşğulluğu deməkdir. Bunun üçün tender haqqında qanuna da dəyişiklik olmalı, eyni zamanda, normativ aktlar dəyişdirilməlidir".
Kamil Səlimovun sözlərinə görə, məhbusları narahat edən əsas məsələlərdən biri azadlıqda olan ailəsinin necə dolanmasıdır: "Belə məhbuslar ailəsinə pul göndərmək üçün müxtəlif yollara əl atırlar. Bu isə ressidiv cinayətlərə şərait yaradır. Məhbus cəzaçəkmə müəssisələrində olan kimlərəsə müraciət etməli olur. Onun ailəsinə pul göndərən adamlar gələcəkdə azadlığa çıxanda ondan əl çəkmir. "Yaxşılıqları" qarşılığında onu öz bataqlıqlarına çəkirlər. Düzdür, bizdə cəzaçəkmə müəssisələrində qanuni oğru şəbəkəsi fəaliyyət göstərə bilmir. Amma bunun tamamilə olmadığını da demək olmur. Məhbusları əməyə cəlb etməklə onları ressidiv və mütəşəkkil cinayətlərdən qoruyuruq. Bu, həm ictimai, həm də milli təhlükəsizlik məsələsidir".
Plan iqtisadiyyatını mövcud olduğu sovet dönəmində məhbusların 100 % işlə məşğul olduğunu xatırladan qonaq indi də mövcud olan məhdud istehsal sahələrini azlığını qeyd edib: “Hazırda belə sahələrdən təkcə xalçaçılıq var, lakin bu azdır, elə şərait yaratmaq lazımdır ki, onlar üçün sərbəstlik olsun. Əlbəttə, belə sərbəstliyin məhbusların qaçmasına imkan yaratdığını düşünmək olar. Lakin bunun qarşısını asanlıqla almaq mümkündür. Çox ucuz başa gələn nəzarət üçün xüsusi bilərzik var, onlardan istifadə etmək olar. Məsələn, ABŞ-dakı kimi məhbusları avtobuslara yığıb, məhsul yığımına aparmaq, bunun müqabilində həbsxanaların qida ehtiyatını təmin etmək olar".
Kamil Səlimovun sözlərinə görə, məhbusların məşğulluq probleminin həlli üçün bu yaxınlarda "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyi Maliyyə Nazirliyinə rəsmi müraciət də göndərib.
Birliyin hesablamalarına görə, Cəzaçəkmə Müəssisələrində iş yerlərinin yaradılması nəinki problemlərin həllinə kömək edər, hətta təxminən 20 minə yaxın məhkumun saxlanmasına sərf edilən külli miqdarda büdcə vəsaitinin qənaətinə səbəb olar.