Məktəblərdə "pul yığmaq" söhbəti olmayacaq, olarsa...
Bir müddət əvvəl Təhsil Nazirliyi tərəfindən Bakıda yerləşən məktəblərin direktorları təsərrüfat xərcləri üçün xüsusi plastik kartlarla təmin edildi. Artıq 4-5 aydır ki, məktəb direktorları həmin kartlardan istifadə edir. APA TV-də efirə gedən “Sosium” proqramında həmin plastik kartlardan necə istifadə olunması, təsərrüfat xərclərinin necə idarə edilməsi və ümumiyyətlə məktəblərin ən çox qarşılaşdığı problemlər müzakirə olunub.
Bakı şəhər 18 saylı məktəbin direktoru Vaqif Hüseynlinin sözlərinə görə, təsərrüfat xərcləri üçün plastik kartların ayrılması valideyn-məktəb arasında yaranan bir çox narazılıqlara son qoyub: “Bizim məktəbdə 2003-cü ildə Valideyn Assosiasiyası yaradıldı. Həmin Assosiasiyanın vasitəsilə valideynlərdən yığılan fondpulu hesabına məktəbin təsərrüfat xərcləri ödənilirdi. Lakin söz-söhbət çox yaranırdı. Dekabr ayından TN tərəfindən bu vəsaitin ayrılması bütün bunlara son qoydu. Mən də valideynləri bir yerə yığıb elan etdim ki, bundan sonra fondpulu yığılmayacaq. Düzdür, bizim məktəb yeni təmirdən çıxdığı üçün xərclərimiz o qədər də çox deyil. Həmin vəsait əsasən dəftərxana ləvazimatları, xidməti işçilərin ehtiyacları, təmizləyici vasitələrə sərf olunur".
Nizami rayondakı 220 saylı məktəb-liseyin direktoru Almaz Əsgərova Təhsil Nazirliyini bu addımını məktəblərin işinə praktik yanaşma kimi qiymətləndirib: “Rəhbərlik etdiyim 220 saylı məktəb-liseydə 2007-ci ildən nə fondpulu, nə də təmirpulu yığılır. Amma indiyə qədər məktəbin xərclərini necə təmin etdiyimizlə maraqlanan olmayıb. Nəzərə almaq lazımdır ki, biz uşaqlarla işləyirik, uşaq olan yerdə daim şəraitin yaxşı olması vacibdir. Düzdür, məbləğ o qədər də böyük olmasa da, bizim üçün zəruridir, bu vəsaitlə ehtiyaclarımızın çoxunu ödəyirik. Adi bir faktı misal gətirə bilərəm, məsələn, bizdə 80-ə qədər parta qırılmışdı. Biz onu qaynaq etdirməyə imkan tapa bilmirdik. Həmin pulla biz partaları təmir etdirdik. İlk baxışda xırda görünən bu cür problemlərin həlli şagirdlərin rahatlığı üçün vacibdir”.
Verilişdə valideynləri təmsil edən komitə sədri Rəhimə Abdullayeva da fondpulunun ləğvinin valideynlər tərəfindən razılıqla qarşılandığını bildirib: “Bu ilin əvvəlində direktor artıq fondpulunun yığılmayacağını elan etdi. Artıq məktəblə valideynlər arasında ən azında bu sahədə narazılıq yaranmır, həm məktəb rəhbərliyi, həm də valideynlər razı qalır”.
Məktəblərin kompüterləşdirilməsi kadrların hazırlığı ilə bağlı problemlərin yaranmasına səbəb olub. Almaz Əsgərova şagirdlərin bəzi müəllimlərdən çox İKT bacarıqlarınsa malik olmasından danışıb: “Bu sahədə uşaqlar müəllimlərdən daha çox şey bilir. İşimizi elə istiqamətdə planlaşdırmalıyıq ki, biz öz məqsədimizə çatmaq üçün hər vasitələrdən istifadə etməliyik. Əsas məsələ uşaqları lazımi yönə istiqamətləndirməkdir. Özümüz də hiss etmədən hər tərəfdən alınan müxtəlif tipli informasiyalar, çoxkanallı televiziyalar, kompüter, internet uşaqlarımızı damla-damla bizim əlimizdən alır. İKT sahəsində kadr islahatına böyük ehtiyac var. Bir çox müəllimlər sovet dünyagörüşünə malikdir. Lakin unutmaq olmaz ki, indiki uşaqlara təkcə lövhə və tabaşirlə bilik öyrətmək kifayət etmir. Müəllimlər öz üzərlərində işləməli, bu günün tələblərinə cavab verməyə can atmalıdırlar".
Vaqif Hüseynli isə hesab edir ki, həm şagirdlərin, müəllimlərin, həm valideynlərin də maariflənməsinə ehtiyac var: “Düzdür, bizim müəllimlərin təkmilləşməsi vacibdir. Amma təkmilləşmə kurslarına müəllimlərin marağı çox azdır. Bunun səbəbi isə odur ki, məncə, bəzi müəllimlər özləri də artıq dərk edirlər ki, zamanın tələbi ilə ayaqlaşa bilmirlər”.
Təhsildə valideynləri narahat edən əsas problemlərdən biri də repetitorluq fəaliyyətidir Bu barədə Almaz müəllimə də narazılığını gizlətməyib: “Repetitorluq kütləvi savadsızlığa aparır. Bu məsələ indiki təhsilin ən yaralı yeridir. Bunun aradan qaldırılması üçün müəllimlərin maaşı bir neçə dəfə artırılmalıdır ki, müəllimlər bu üsulla qazanc əldə etməyə çalışmasın. Bu zaman ədalətlilik prinsipini qorumaq çox vacibdir”.
Vaqif Hüseynli də eyni fikirdə olduğunu bildirib: "Müəllimlər professional xüsusiyyətlərinə görə dəyərləndirməlidir. Hansısa bir üsulla müəllimləri fərqləndirmək lazımdır və buna görə onlara dərəcələr vermək olar. Həmin dərəcələrə görə maaşları yüksələ bilər”.
Valideyn komitəsinin sədri Rəhimə Abdullayeva da dərslərin keyfiyyətini artırılmasında maaşların qalxmasını vacib hesab edib: "Əgər müəllim maaşla özünü təmin etsə, bütün bacarığını dərsdə ortaya qoyar. Yaxşı maaş alan müəllim işdən sonra evində uşaq hazırlaşdırıb, özünə əziyyət verməz".