Bakıda 10 zolaqlı yol istifadəyə veriləcək

Ziya Bünyadov prospektindəki obyek və yaşayış evlərinin köçürülməsinə 20 milyon vəsait xərclənib. Bu vəsaitin təxminən 20% isə prezidentin ehtiyat fondundan ayrılıb.

Bunu APA TV-də efirə gedən "Sosium" verilişinin qonağı "Azəryolservis" ASC-nin sədr müavini Vaqif Hacıyev deyin.

Onun sözlərinə görə, indiyə qədər kompensasi ödənilməyən obyek və ya yaşayış evi qalmayıb: "Prospekt  boyu 250-dən artıq yaşayış evi  və qeyri yaşayış obyektləri  köçürülüb. Yolun gec təhvil verilməsinə səbəb həm köçürülmə, həm də yetərincə böyük olan prospektdən qarmaqarışıq kommunikasiya xəttlərinin keçməsidir. 9 km uzunluğunda yoldan keçən bütün işıq xəttləri, kanalizasiya xəttlərinin yeri dəyişib. 50 il müddətində artıq bu xəttlərin təmirinə ehtiyac olmayacaq".

 

Qonaq bu ilin avqust ayına qədər Ziya Bünyadov prospektində gedən işlərin başa çatacağını bildirib:"Ziya Bünyadıv prospekti şəhərin ən çox yüklənmiş yoludur. Tamamilə hazır olanda bu prospektdə  ümumilikdə 10 zolaqlı hərəkət təmin olunacaq. Bunun 6 zolağı sürətli, 4 zolağı isə köməkçi yollar olacaq. Hazırda işlərin demək olar ki, 90%-i başa çatıb. 2-3 aya işlər tamam yekunlaşacaq. Buna bir yeni körpünün tikilməsi, 2-ci körpünün bərpası, 4 yeni qovşağın inşası daxildir".

 

Ziya Bünyadov prospektində tikinti-təmir işləri bitdikdən sonra Babek prospektinin genişlənməsi nəzərdə tutulur. Artıq Babek prospektində 4 yeni keçid in istifadəyə verildiyini deyən Vaqif Hacıyev bu prospektdəki təmirin o qədər də çox çəkməyəcəyini bildirib.

 

Verilişdə "Azəryolservis" rəsmisi Bakının şimal girişində, Beynalxalq avtovağzal qovşağının yaxınlığında ağacların kütləvi şəkildə kəsilməsinə də münasibət bildirib:"Biz çox gözəl bilirik ki, yaşıllığı qorumaq lazımdır. Həmin yolun genişləndirilməsi məcburi idi. Alternativ variantımız yoxdur. Ya ağaclar kəsilməli idi, ya da əhalinin yaşayış evləri sökülməli idi. 1960-cı ildə əkilmiş bu Eldar şamları  "Azəryolservis"in mülkiyyətindədir. Onların kəsilməsinə biz də heyfsilənirik. Lakin orada ağır tonnajlı yük maşınlarının hərəkəti körpünü təhlükə mənbəyinə çevirib.Ona görə də yolun təmiri bizim üçün daha vacib idi".

 

Qonaq Bilgəh-Sumqayit-Şamaxı avtomobil yolunun bir hissəsinin gələn ay istifadəyə veriləcəyini bildirib: “Bu yol vasitəsi ilə Bakının mərkəzi küçələrinə daxil olmadan şimala və bir çox rayonlara getmək mümkün olacaq. Bu isə şəhərdə sıxlığın bir qədər aradan qalxması deməkdir. O cümlədən, gələn ay Sahil qəsəbəsindən keçən tranzit yolun açılışı da nəzərdə tutulur. Cənub istiqamətindən gələn avtomobillər  Bakıya bir neçə kilometr qalmış yeni alternativ yola daxil olaraq, birbaşa Quba istiqamətində hərəkət edəcək”.

 

"Azəryolservis" rəsmisi yollarda təmir-tikinti işlərinin günün intensiv vaxtında aparılması ilə yaranan narazılıqlara münasibət bildirib: "Biz əsasən yollarda gecələr işi aparırıq. Amma bəzi işləri gündüz vaxtı görmək lazımdır. Bizim işimiz mösümdən və hava şəraitindən çox asılıdır. İldə 4 fəsil var və bu fəsillərin hər birində yol çəkilişinin mümkün olmadığı günlər var. Bu səbəbdən biz çalışırıq fürsət olan ki, işlərimizi görək.Ona görə də vətəndaşlar bunu nəzərə almalıdır”.

 

Müəllif | Apa.Tv