"Məktəblilər arasında narkotik istifadəçilərinin sayı artır"

“Məktəblilər arasında narkotik istifadəçilərinin sayının artmaması üçün maarifləndirmə işləri gücləndirilməlidir”.

 

Bunu APA TV-də efirə gedən "Sosium" verilişinin qonağı olan Azərbaycan Uşaqlar Birliyi nəzdində yaradılmış "Uşaq sığınacağı"nın direktoru Dadaş Əhmədov deyib.

 

Dadaş Əhmədovun fikrincə, bu sahədə Azərbaycanda vəziyyət o qədər acınacaqlı olmasa da, ciddi təhlükə artıq var: "Nəzarət ciddi olmasa, bu tendensiya arta bilər. Etiraf edək ki, nəzarət o qədər də güclü deyil. Buna əsasən uşaqların özlərinin marağının olması, ailədə özünü reallaşdıra bilməməsi səbəb olur. Xüsusilə küşədə yaşayan uşaqlar toksik maddələrin təsirinə daha çox məruz qalır. Araşdırmalara görə, 2-3 həftə küçədə qalan uşaqların çoxu artıq toksik maddələrin təsirinə düşmüş olur".

 

Mütəxəssis hesab edir ki, bunun qarşısını almaq üçün ilk növbədə valideynlərin məsuliyyətinin artması lazımdır: "İlk növbədə uşaqları məlumatlandırmaq lazımdır ki, narkotik maddə istifadəçiləri 40 yaşdan çox yaşaya bilmir. Bu mənfi meyl  həm də SPİD, hepatit kimi xəstəliklərin də yayılmasına şərait yaradır. Uşaqlara nəzarətin güclənməsi üçün məktəblə valideyn arasında sıx əlaqə olmalıdır. İstənilən halda, bu məsələdə məsuliyyət hər iki tərəfin  -  həm dövlətin,  həm də valideynin üzərinə düşür”.

 

Qonaq bu sahədə təbliğatın aparılmasına dair təkliflərinin səsləndirməklə yanaşı, öz təcrübəsini də bölüşüb: "Nə qədər qəribə səslənsə də, uşaqlara narkotik maddələrin  dırnaqarası faydaları barədə danışmaq lazımdır. Çünki biz birmənalı olaraq onun zərərindən danışanda onsuz da yeni olan hər şeyə maraqlı uşaqlarda həvəsi artıra bilərik. Bir çoxları, yəni uşaqları bu sahəyə cəlb etməyə çalışanlar onun üstün cəhətləri barədə miflərlə uşaqların beynini doldururlar. Bəzən deyirlər ki, guya narkotik maddə qəbul edənlərdə fitri qabiliyyətlər üzə çıxır. Uşaqlara bunun belə olmadığını başa salmaq lazımdır. Onlara demək lazımdır ki, aktiv narkotik maddə istifadəçiləri 40 yaşdan artıq yaşamırlar".

 

Mütəxəssis valideynlərin daha çox diqqət yetirməli olduğu əlamətləri xüsusi vurğulayıb: “Əgər uşaqlarda halsızlıq müşahidə olunursa, gözləri qızarırsa, valideyn diqqətli olmalıdır. Əlbəttə, əgər bu hansısa xəstəliklə əlaqədar deyilsə, mütləq uşağın davranışlarını müşahidə etmək vacibdir. İlk vaxtlar ətrafdakılarla sakit, adi davrana belə uşaqlar, bir müddət sonra aqressiv, kobud və ya özünə qapanmış olurlar”.

 

Dadaş Əhmədov  hesab edir ki, narkotiklərin məktəblilər arasında yayılmaması üçün Təhsil Nazirliyinin görə biləcəyi işlər, əhatə dairəsi və imkanları daha çoxdur: "Əlbəttə, Təhsil Nazirliyi bu məsələ ilə bağlı müəyyən işlər görür. Həyati bacarıqların tədrisi məqsədilə məktəblərdə fakültativ məşğələ keçilir. Amma təəssüf ki, bu hələ proqramda fənn kimi tədris olunmur. Dövlət qurumları bu sahədə daha böyük təsirə malikdir. QHT-lər və ictimai təşkilatlar onlar qədər geniş sosial çevrəyə malik deyil”.

 

Proqrama telefon əlaqəsi ilə qoşulan TN-nin QHT və KİV-lə iş sektorunun müdiri  Cəsarət Valehov nazirliyi artıq geniş fəaliyyət planı nəzərdə tutduğunu bildirib. Azərbaycan məktəblərində narkotiklərlə mübarizə üçün o qədər də qorxulu vəziyyət olmadığını deyən Nazirlik rəsmisi artıq bu sahədə videoçarxlar vasitəsilə təbliğatın kifayət etmədiyini  vurğulayaraq Təhsil Nazirliyinin Səhiyyə Nazirliyinin xüsusi qurumları ilə birlikdə silsilə tədbirlərə hazırlaşdığını bildirib.

Müəllif | Apa.Tv