Kimlər insan alverinin qurbanı olur?
"Son 4-5 ildə Azərbaycanda insan alveri qurbanlarının sayında azalma müşahidə edilir. Ötən il 157 fakt qeyd alınıb ki, onların 77 qadın, 5-i isə uşaqlara qarşı törədilib".
Bu barədə məlumatı APA TV-də yayımlanan "Sosium" verilişində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanov verib. Ötən 4 il üçün nəzərdə tutulan Milli Fəaliyyət Planının əhatə etdiyi 2009-2013-cü illərdə bir sıra uğurlar olduğunu deyən komitə rəsmisi bildirib ki, artıq hökümətin 2014-2018-ci ili əhatə edən Milli Fəaliyyət Planı hazırdır: "Yaxın günlərdə növbəti 4 il üçün nəzərdə tutulan Milli Fəaliyyət Planının təsdiqlənməsi gözlənilir. Plana əsasən, insan alverinin doğurduğu təhlükələr barədə ictimaiyyətin məlumatlandırılması, vətəndaş cəmiyyəti nümayəndələrinin və KİV-in imkanlarından istifadə edilərək respublikanın bütün şəhər və rayonlarında çoxsaylı mədəni-kütləvi tədbirlərin, o cümlədən çoxsaylı treninq və seminarların keçirilməsi nəzərdə tutulur".
Azərbaycanda insan alverinin qurbanları daha çox 3 istiqamətdə aparılır. Rahil Süleymanov sözlərinə görə, hələ də qadınların aldadılaraq, Türkiyə, Dubay və BƏƏ-yə aparılması cinayətləri davam edir: "İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair” sənədində bildirilir ki, ötən il insan alveri cinayətində təqsirləndirilərək axtarış elan olunmuş 17 şəxsdən 5-i tutularaq, istintaq və məhkəmə orqanlarına təqdim edilib. Müəyyən olunmuş 56 qurbandan 41-i qadın, 15-i kişidir. Araşdırma zamanı bəlli olub ki, onların 19-u Türkiyəyə, 16-sı Birləşmiş Ərəb Əmirliklərinə, 15-i Rusiya Federasiyasına və 1-i İran İslam Respublikasına aparılıb, 5 qurban isə ölkə daxilində istismara məruz qalıb".
"Kimlər daha tez insan alverinin qurbanı ola bilər?" sualına AQUPDK-nın hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanovun cavabı belə olub: "Kimsəsiz uşaqlar, küçəyə atılmış qadınlar və valdeynin səhlənkarlığı nəticəsində nəzarətsiz qalmış uşaqlar insan alverinin qurbanı ola bilər. Valdeynlər bütün hallarda uşaqları nəzarətdə saxlamalıdırlar, çünki bu işin peşəkarları üçün azyaşlıları, məktəbliləri aldatmaq daha asandır."
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bölgələr üzrə 11 yerdə Ailə və dəstək mərkəzləri yaratdığını deyən qonaq bildirib ki, bu mərkəzlərin məqsədi xüsusi risk qrupuna daxil olan, məişət zorkılığı qeydə alınan ailələrlə iş apab, onların yenidən eyni hallarla üzləşməsinin qarşısını almaqdır. : "Ötən il insan alverinin qurbanları olan 37 nəfər sığınacağa yerləşdirilib və hər birinə zəruri yardımlar edilib. O cümlədən 22-si işlə təmin edilib, 21-i peşə kursuna göndərilib, 50 qurbana birdəfəlik müavinət verilib, 13-nə Kömək Fondu maddi yardım ayırıb. Həyata keçirilmiş profilaktik tədbirlərlə 12 qurban ailəsinə qayıdıb, dövlət vəsaiti hesabına 3 nəfərin cərrahi əməliyyata, 1 nəfərin müalicəyə olan ehtiyacı, habelə 3 əcnəbi qurbanın ölkə ərazisində qanuni yaşamaq hüququ təmin edilib."