Broyler toyuğu ilə əsl kənd toyuğunu bir-birindən necə ayırmaq olar?

Abşeron rayonun Quşçu qəsəbəsi, Balaxanı kəndi və Bakının Nizami rayonunda aşkarlanan gizli toyuq kəsimi sexlərindən götürülən laborator analizlərin cavabları artıq bəllidir. Bu barədə APA TV-də efirə gedən "Sosium" verilişində Abşeron rayon Baytarlıq İdarəsinin rəisi Fəxrəddin Səmədov  məlumat verib.

 

Onun sözlərinə görə, hər 3 sexdən götürülən nümunələr mənfi olduğundan müsadirə edilən toyuq ətləri Bakı heyvanat parkına təhvil veriləcək: "Artıq analizlərin cavabları əlimizdədir. Ekspertizanın nəticələrinə görə, ətlər insan qidası üçün tam yararsızdır. Bu gün sənədləşmə işləri başa çatdıqdan sonra  həmin ətləri  zooparka verəcəyik".

 

Fəxrəddin Səmədov bu gün Abşeron rayon Masazır qəsəbəsində aşkar olunun daha bir gizli sexlə bağlı məlumat verib: "Bu sexdə də antisanitar vəziyyət hökm sürüb, toyuq kəsimləri biabırçı şəkildə həyata keçirilib. Bu cür sexləri aşkarlamağa çalışırıq. İndiyə kimi 10-a yaxın sex aşkarlamışıq.  Son vaxtlar Dövlət Baytarlıq Xidməti reydlərin sayını artırıb. Ancaq problemlərlə qarşılaşırıq. Tanımadığımız yerə qapını döyüb, girməyə səlahiyyətimiz yoxdur. Əlimizdə əsas olmalıdır. Düzdür,  etirazlar, kobud rəftar olsa da, nəticədə “Baytarlıq haqqında qanun”a əsasən reyd aparanda o qədər də ciddi müqavimətlə üzləşmirik. Müqavimət olduğu təqdirdə polis çağırırıq".

 

Fəxrəddin Səmədov cərimələrin az olması məsələsinə də aydınlıq gətirib: "Təsəvvür edin, belə fəaliyyətlə məşğul olan adamlar fiziki və ya hüququ şəxs kimi işini rəsmiləşdirməyibsə, cəmi 25 manat cərimə olunur. Bu, olduqca azdır. Fiziki şəxslər isə 40 manat cərimə olunur. Cinayət işi çox nadir hallarda açıla bilər".

 

Gizli  və antisanitar şəraitdə istehsal olunan bu cür ət və ət məhsullarını götürən şadlıq evləri, market və dönərxanaların da əslində məsuliyyət daşıdığını bildirən Fəxrəddin Səmədov belə obyektlərin ciddi şəkildə cəzalandırılmasına tərəfdar olduğunu bildirib: "Alıcı müəssisələr də buna görə məsuliyyət daşıyırlar. Onlar malı alarkən sənədlərə baxmalıdır. Sadə vətəndaşlar isə bütün hallarda gözü açıq olmalıdır. Yararsız toyuq ətini ən azı rəngindən seçə bilərlər. Ətin boş olması və kəskin qoxusu əsas əlamətlərdir. İstehsalçısı bilinməyən, sertifikatı olmayan, açıq sellofan torbalarda satılan toyuq ətlərini almamaq məsləhətdir”. 

Müəllif | Apa.Tv