Nazirlik rəsmisi: “Əkin sahələrinə hücum edən çəyirtkələr əsasən işğal altında olan ərazilərdən gəlirlər”

Bu il Azərbaycanda son 10 ilin ən böyük Mərakeş çəyirtkəsi artımı müşahidə olunub.

"Sosium" verilişinin qonağı olan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzin rəisi Camal Quliyev bildirib  ki, kütləvi artım baş verməsinə baxmayaraq, bu il vaxtında görülən tədbirlər nəticəsində ciddi təhlükə gözlənilmir: "Hazırda 8 rayonun ərazisində iş gedir. Bu gün bütün ərazilərdə olan texnikaların hamısını bu rayonlara cəmləşdirmişik. Bu il yeni texnikalar gətirmişik. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən lazımi avadanlıq və texnika ilə təmin olunmuşuq. Daha əvvəlki kimi vaxt itkisi olmur. 130 kiloqram həcmi olan çiləyici aparatlar gətirilib. Gün ərzində min hektara kimi əraziyə dərman çiləmək mümkündür. Bu aparat adi pikap tipli avtomobillərə qoşulur, kabinədən idarə olunduğuna görə işçilərin də qorunması çətin olmur".

 

Aprel 11-dən mübarizə tədbirlərinə start verildiyini bildirən mütəxəssis deyib ki, çəyirtkə qışlaqları ümumilikdə Azərbaycanda 34 rayonun ərazisinə düşür: "İndiki vaxtda onlar uça bilmir. Biz onları uçmağa başlamazdan əvvəl məhv etməyə çalışırıq. Tam əminliklə deyirəm ki, kənd təsərrüfatına ziyan dəyməyəcək".

 

Bu gün çəyirtkələrin çoxluğu sarıdan ən təhlükəli ərazilərin Biləsuvar, Saatlı və Hacıqabul rayonları olduğunu deyən Camal Quliyev mətbuatda çəyirtkələrin əkin sahələrinə hücum ilə bağlı gedən xəbərlərə də münasibət bildirib: " Bu çəyirtkələr dövlət fondu torpaqlarında süfrə salıb, orada çoxalırlar, yəni əkin olmayan boş sahələrə, tam formalaşandan sonra əkin sahələrinə uçurlar. Amma indi həmin yaş dövründə deyillər. Ona görə də biz çalışırıq ki, indidən ziyanvericiləri məhv edək ki, gələcəkdə əkin sahələrinə ziyan dəyməsin".

 

İşğal olunmuş rayonlardan da kütləvi şəkildə çəyirtkə hücumlarının olduğunu deyən

Camal Quliyev ümumiyyətlə sərhəd ölkələrdən Azərbaycana belə axınların tez-tez qeydə alındığını bildirib: "Çəyirtkələr əsasən işğal altında olan Dağlıq Qarabağ ərazisindən gəlirlər. Daha çox Ağdam və Tərtər rayonları bu hücumlara məruz qalır. Amma biz çalışırıq ki, sərhəd boyu dərmanlama işlərini aparmaqla onları geri qaytaraq. Əvvəllər Gürcüstandan da tez-tez belə axın baş verirdi. Amma son illər Gürcüstan ərazisində də mütəşəkkil tədbirlər görülür. Son iki ildə İran ərazisindən də Azərbaycana xeyli çəyirtkə axını var".

 

Respublika Bitki Mühafizəsi Mərkəzin rəisi Camal Quliyev dərman preparatlarının keyfiyyəti və qiymət məsələsinə də münasibət bildirib: "Bəzi hallarda ölkəyə qaçaqmalçılıq yolu ilə dərmanlar gətirirlər. Ucuz qiymətə satılan bu dərmanların əlbəttə ki keyfiyyəti olmaz. Lakin dövlət xətti ilə gətirilən dərmanlar laborator müayinədən keçir. Problem həm də kəndlilərin, fermerlərin dərmanlardan düzgün istifadə etməməsindədir. Hansısa bir dərmanı alırlar və normal nəticə görən kimi o dərmandan 4-5 il istifadə edirlər. Bu, doğru deyil. Dərmanları növbəlik prinsipi ilə vermək lazımdır. Bir sözlə çatışmayan cəhətlər çoxdur, insanların maariflənməsinə ehtiyac var".

Müəllif | Apa.Tv