Azərbaycanda turizmin inkişafına mane olan səbəblər...
Keçən il Azərbaycanda 2 milyon yarımdan çox turist gəlib. Bu barədə "Sosium" verilişinin qonağı olan Mədəniyyət və Turizm Nazirliyinin təbliğat sektorunun müdiri Vüqar Şixəmmədov məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan bu il ölkəyə gələcək turistlərin sayını artırmaq üçün geniş təbliğat kampaniyasına başlayıb: "Dünyanın ən məşhur kanallarında - CNN, Euronews kimi əhatə dairəsi olduqca böyük olan kanallarda ölkəmizlə bağlı reklam çarxları gedir. Artıq bir çox xarici telekanallarından Azərbaycanın təbliği ilə bağlı təkliflər gəlir. Bundan əlavə il ərzində bir neçə turizm sərgisində iştirak edirik. Çalışırıq turizm inkişaf etmiş ölkələrdə, Avropada təşkil olunan böyük turizm sərgilərində yer tutaq. Ehtimal var ki, bu il Azərbaycana daha çox turist gələcək".
Turizm sektorunu inkişaf etdirmək üçün bir neçə ölkədən Azərbaycana press-turların təşkilinə başlandığını deyən Vüqar Şixəmmədov bildirib ki, nazirlik əcnəbi jurnalistlər vasitəsi ilə təbliğat kampaniyalarını genişləndirməyə çalışır.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi ilə Bakıda "Sity Sightseeng Baku" Şirkətinin təşkil etdiyi səyahət turlarının da müsbət nəticə verdiyini deyən sektor müdiri bildirib ki, hələlik avtobuslar "test-drayv" sistemində çalışır: "Səyahət etmək istəyənlər avtobusa daxil olduqda onlara qulaqcıqlar paylanacaq və istədikləri dildə kanalı seçib, məlumat əldə edə biləcəklər. Hal hazırda qiymətlər böyüklər üçün 10 manat, uşaqlar üçün isə 5 manatdır. Bunu təşkil edən şirkət dünyanın bir çox inkişaf etmiş şəhərində fəaliyyət göstərir. Ən ucuz qiymətlər bizdədir".
İnkişafla bərabər hələ də mövcud olan problemlərə və ən əsası qiymətlərin baha olması məsələsinə münasibət bildirən nazirlik rəsmisi vurğulayıb ki, əsas problem rəqabətliliyin aşağı olmasıdır: "Bu da zamanla düzələcək. Bunun üçün bizə vaxt lazımdır. Problemin kökü idarəçilərin siyasətindədir. Düzdür, bəzi yerlərdə qiymətlər bahadır. Çalışırıq rəqabətlilik artsın. Çünki bizim başqa cür təsir imkanlarımız yoxdur. Heç bir dövlət qurumu sahibkarlara qiymət baxımından təsir imkanına malik deyil".
Bu il qış turizmi gözlənildiyindən daha yaxşı nəticə verib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, qış turizmində də rəqabətliliyə ciddi ehtiyac var: "Yeni planlar var, biz qış turizm obyektlərinin, otellərin sayının artırılmasına çalışırıq. Yaradılan şəraitə söz ola bilməz. Qiymət məsələsi də zamanla qaydasına düşəcək. Otellərin sayı artdıqca, qiymət problemi də olmayacaq. O ki, qaldı Türkiyə və ya başqa ölkələrlə Azərbaycanı müqayisə etməyə, bu, düzgün deyil. Türkiyə turizm sahəsində artıq dünyada öz sözünü deyib, dövlət büdcəsinə turizm gəlirlərinin təsiri böyükdür. İldən-ilə bizdə də vəziyyət düzəlir. Əgər hər il ölkəyə gələn turistlərin sayı artırsa, deməli, inkişaf var".