"Yaxşı serial çəkmək üçün adamın gərək adamı olsun!"

APA TV-də efirə gedən “Sosium” verilişində Azərbaycanda son vaxtlar çəkilən serialların keyfiyyəti ilə bağlı maraqlı müzakirə olub. Verilişin qonaqları aktyor və rejissor  Samir Qulamovla tənqidçi Sevda Sultanova arasında ciddi fikir ayrılığı yaşanıb. Tənqidçi  Sevda Sultanovanın  serialların olduqca bayağı və süni çəkildiyini və bu səbəbdən də auditoriya toplaya bilmədiyini söyləməsi aktyor Samir Qulamov tərəfindən narazılıqla qarşılanıb.

 

Sevda Sultanova həm rejissor işinin zəifliyindən, həm də serial dilinin ağırlığından danışıb: “Serialların çoxunda rejisor işi zəifdir. Dialoqlarda axsamalar var. Biz adi danışıq dilini serial dialoqlarına tətbiq edə bilmirik. Mənə elə gəlir ki, bizim rejissorlar klassik əsərlərdə dəyişiklik edərək ssenari kimi istifadə edə bilərlər. Türkiyədə də bu təcrübədən geniş istifadə olunur”.

 

Lakin onun fikri razılaşmayan Samir Qulamov bunun maraqla qarşılanmayacağını deyib: “Tamaşaçı serialın finalını əvvəlcədən bilməməlidir. Bunu bilərsə, serial da maraqlı olmaz. Nəzərə almaq lazımdır ki, biz çox az büdcə ilə serial çəkirik. Çətinliklə serialın razılığını ala bilirik. Azərbaycanda film çəkmək üçün arxanda kiminsə durması lazımdır. Bizə türkləri nümunə göstərirlər. Türklər özləri  bizim serialdan bəhrənib, yeni serial çəkiblər”.

 

Rejissor seriallarda aktyorların pafoslu danışmağını irad tutan tənqidçi Sevda Sultanovaya etirazını bildirib: “Çox vaxt teatr aktyorları rəsmi və pafoslu danışırlar. Ona görə də  mən seriallara teatr aktyorlarını mümkün qədər az çəkirəm. Daha çox qeyri-peşəkar aktyorlardan istifadə edirəm. Bu gün filmlərdə, seriallarda çəkilmək istəyənlər çoxdur. Biz də onlara şərait yaradırıq”.

 

Tənqidçi Sevda Sultanova Azərbaycan seriallarının keyfiyyətsiz olmasını bu işin qeyri-peşəkarlara həvalə edilməsi ilə əlaqələndirib: "Dünya təcrübəsində də serial əsilində, rejisor işindən daha çox, prodüser işidir. Amma bizdə mənzərə bunun tam əksidir. Bizdə hələ serial çəkilməsi mexanizmi düzgün formalaşmayıb".

 

Onunla razılaşmayan Samir Qulamov isə əslində, yaxşı şəraitin olmamasını dilə gətirib: "Azərbaycanda dəfələrlə başladığı layihələr uğursuzluqla başa çatan rejissorlara yenə iş verilir. Mən bu barədə Mədəniyyət və Turizm Nazirliyinə də öz fikrimi bildirmişəm və rejissorlar qarşısında şərt qoyulmasını təklif etmişəm. Məncə, işini bacarmayan, layihəsi baş tutmayan rejissora  növbəti 5 il ərzində heç bir iş verilməməlidir".

Müəllif | Apa.Tv