Azərbaycanda ailə zorakılığı ilə bağlı müraciətlərin sayı artır
“Cəmiyyətin bütün təbəqələri qadınlara qarşı törədilən zorakılıq hallarına sərt reaksiya verməlidir”. Bu fikirləri APA TV-nin efirində yayımlanan “Sosium” verilişinin qonağı “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. O qadın zorakılığı faktlarının araşdırılması məqsədilə mətbuatda bu problemlə dair yer alan faktların monitorinqini apardıqlarını bildirib. Monitorinq əsasında 17 qadının zorakılıqla öldürülməsi faktı aşkarlanıb: “Bu faktlar arasında intihar halları yoxdur. Elə hallar var ki, biz ondan xəbərsizik. Zorakılığın da müxtəlif formaları var. Psixoloji, iqtisadi zorakılıq var.
İnsanlar zorakılığa qarşı tam biganədir. Bizdə anaya hörmət çoxdur, amma qadına həyat yoldaına qarşı münasibət yaxşı deyil”.
Mehriban Zeynalovanın sözlərinə görə, “Məişət zorakılığı haqqında” qanunda kənar şəxslərin bu barədə məlumat verməsi nəzərdə tutulur: “Məsələn, bizə belə bir faktla bağlı xəbər vermişdilər. Biz polisə xəbər verdik. Çox adam öz hüququnu bilmədiyindən həmin anda müvafiq münasibət göstərə bilmir. Bizdə millət olaraq öz hüquqlarını öyrənməyə həvəs yoxdur. Başqa ölkədə adi bir süpürgəçi də öz hüququnu bilir, bizdə isə hər şeyə qarşı bir stereotip var”.
Mehriban Zeynalova məişət zorakılığıa qarşı mübarizədə maarifləndirmənin mühüm rol oynadığını deyib: “Türkiyə, Ukraynada, və s. ölkələrdə sosial çarxlar üçün güzəştlər var. Ailələr arasındakı münasibətlər bizi ən çox narahat edən məsələdir. Boşanmalar çoxalır, qanunsuz doğulan uşaqların sayı artır. Ənənələr qadının irəli getməsinə mane olur. Ölənlərin və öldürülənlərin hamısının əxlaqsız olduğunu demək gülüncdür. Bu ilin statistikasına əsasən, zorakılıqla bağlı müraciətlər 2000-dən çoxdur. Bu müraciətlərin artdığı bildirilir. Lakin bu kimi halların hamısını qeydiyyata almaq mümkün deyil. Statistikadan kənar hallar da çox olur”.