Abituriyentlər reklam olunan yaddaş gücləndirici dərmanlardan uzaq olmalıdır

Psixoloq: “Abituriyentlər psixoloq yanında 4-6 seans qəbul etsələr, imtahanda müsbət nəticə göstərərlər”

“Tez-tez reklam olunan yaddaş gücləndirici dərmanlar sinir sistemini zədələyir. Abituriyentlər bu cür dərmanlardan uzaq olmalıdırlar”. Bu fikirləri APA TV-də efirə gedən "Sosium" verilişinin qonağı, psixoloq Tariyel Faziloglu deyib.

İmtahanqabağı stress, depressiya və yorğunluqdan danışan psixoloq bildirib ki, abituriyent belə dərmanlar əvəzinə bir sıra qaydalara əməl etsələr, imtahanda unutqanlıq sindromu ilə üzləşməzlər: "Abituriyentlərdə ən ciddi problem imtahanı hədəf seçmələridir. Sınaq imtahanında 500-600 bal toplayan şəxs bir də görürsünüz əsas imtahanda bu balın heç yarısını da toplaya bilmir. Səbəb bilirsiniz nədir? Sınaqda rahatdırlar, amma imtahana gələndə çox gərgin olurlar. Bu gərginliyi atmaq lazımdır. Düşünməlidirlər ki, bu da bir sınaqdır. İmtahandan kəsilmək hər şeyin sonu deyil".

Psixoloq hesab edir ki, Azərbaycanda imtahana psixoloji hazırlıq sıfır səviyyəsindədir: "Dünya praktikasında 12 yaşdan sonra qızlar, 14 yaşından sonra oğlanlar psixoloji konsultasiya qəbul edirlər. Abituriyentlik dövründə mütəmadi psixoloji konsultasiyalar keçirirlər. Bizdə bunların heç biri yoxdur. İmtahana qədər həftədə 1 dəfə olmaqla 4-6 seans abituriyenti stressdən qurtara bilər".

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, psixoloqlardan yararlanan abituriyentlər imtahanlarda daha yaxşı nəticə göstərir: "Məsələn bir qız var idi, 5-6 il imtahandan kəsilmişdi. Axırda o mənim yanıma gəldi. Ona psixoloji köməklik etməyə çalışdım. Hətta öz xahişi ilə imtahan günü özüm də imtahan keçirilən məktəbin qarşısına gəldim və 5-10 dəqiqə söhbət etdikdən sonra qız imtahana girdi. Və imtahanda 631 bal topladı. Yəni psixoloji amillərin nəticələrə bu dərəcədə təsiri var”.

Tariyel Faziloğlu hesab edir ki, yaxşı nəticə üçün abituriyentlər imtahana bir həftə və ya 3 gün qalmış oxumaq, mütaliə etmək, hansısa fənni təkrarlamaq vərdişindən uzaq olmalıdır. Onlar mümkün qədər əyləncəyə meyl etməli, fiziki hərəkətlərə daha çox zaman ayırmalıdır.


 

Müəllif | Apa.Tv