Sosioloq Cavid İmamoğlu: “Azərbaycanda ailə dəyərlərini qoruyacaq institutlar işləmir”
“Azərbaycanda boşanmalar artan templə gedir, ailədaxili cinayətlər artır və ailədaxili cinsi münasibətlər getdikcə daha bərbad hal alır. Bütün bunların əsas səbəbi isə ölkədə 4 əsas institutun işləməməsidir”.
Bu sözləri APA TV-də efirə gedən "Sosium" verilişinin qonağı, sosioloq Cavid İmamoğlu deyib.
Azərbaycan ailəsinin bugünkü vəziyyətindən danışan sosioloq bildirib ki, ölkədə ailə dəyərlərinin qorunması üçün bir neçə dövlət qurumu var ki, onlar lazımı səviyyədə işləmir:" Ən əsası təhsil və sosial sahələr üzrə cavabdeh olan nazirlik və dövlət qurumları yerlərdə maarifləndirməni zəif aparır. Bu gün ölkə üzrə ailə dəstək mərkəzləri demək olar ki, yox səviyyəsindədir. Ailə dəstəyinin olmaması boşanmalara, ailədaxili zorakılıqlara, işsizliyə və dolayısı ilə digər problemlərə yol açır. Amma maraqlı bir məqam var. Azərbaycanda rəsmi səviyyədə xüsusi tədbirlər keçirilməməsinə baxmayaraq, ailədə reproduktivlik yüksək səviyyədədir".
Cavid İmamoğlu bu ölkələrin əksəriyyətinin Azərbaycandan geri qaldığını deyir: "Danimarkada vəziyyət o həddə gəlib ki, hökumət ailələrdə uşaqların sayını artırmaq üçün yeni evlənmiş cütlükləri Şərq ölkələrinə göndərir ki, getsinlər, orada çoxlu uşaqlar görsünlər, uşaqlara maraqları artsın. Digər inkişaf etmiş Avropa ölkələrində də demək olar ki, analoji problem var. Çünki yaxşı bilirlər ki, ailə institutu zəif olan ölkə iqtisadiyyatının gələcəyi şübhə altına alınır. Azərbaycanda isə hər hansı dövlət proqramı olmadan belə demoqrafik vəziyyət gərginləşmir. Bunun başlıca səbəbi Azərbaycan ailəsinin hələ də uşaqpərəst olmasıdır".
Bu ilin ilk iki ayında ölkədə 11300 ailə qurulub və 3 min ailə isə boşanmağa qərar verib. Sosioloq hesab edir ki, boşanmaların əsas səbəbi ailə dəyərlərinin toqquşması, zorakılıq və qısqanclıqdır. "Bəzən böyüklərin sözünü gənc ailələr işlərinə müdaxilə kimi qəbul edir. İndi gənclər daha çox fəlsəfə ilə maraqlanır. Amma çox fəlsəfə də lazım deyil. Ağsaqqalları, ağbirçəkləri köhnə fikirli kimi qiymətləndirirlər, əslində ağsaqqallar vasitəsilə də ailəni müasirləşdirmək olar. Azərbaycan ailələrində dəyərsizliklər dəyərlərin toqquşmasından yaranır. Digər bir məsələ təhsillə bağlıdır. Bu çox vacib məqamdır. 11 illik orta məktəb təhsilində bizə cinsi tərbiyə keçirilmir. Yəni biz gələcəkdə ailə münasibətlərinə təsir edəcək məqamları vaxtında öyrənmirik".