FHN təmsilçisi Hikmət Xudiyev: “Yanğınların genişlənməsinin əsas səbəbi ilk anda müdaxilənin olmamasıdır”

Azərbaycana avtomatik yanğınsöndürmə topları gətirilib

Fövqəladə Hallar Nazirliyi ölkəyə Tailand istehsalı olan avtomatik yanğınsöndürmə topları gətirib. Yanğın baş verən zaman alovu lokallaşdırmaq üçün bu topları yanğın mərkəzinə atmaq kifayət edir. Bu barədə APA TV-də yayımlanan "Sosium" verilişinin qonağı olan FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin rəisi, polkovnik Hikmət Xudiyev məlumat verib.

Onun sözlərinə görə, əvvəlki yanğın söndürmə cihazlarından daha ucuz başa gələcək bu "top"lardan uşaqdan tutmuş böyüyə kimi hər kəs rahatlıqla istifadə edə biləcək: "Bu topdan istifadə etmək üçün hər hansı təlimə ehtiyac yoxdur. Avtomatik yanğınsöndürmə topunun cəmi 1.3 kiloqram çəkisi var. Bu toplar 8.3 kubmetr ərazidə yanğını söndürmək üçün nəzərdə tutulur. Hazırda istifadə etdiyimiz balonları ildə bir dəfə təkrar doldurmaq məcburiyyətindəyik. Amma bu topları ən azı 6 il qulluq göstərmədən saxlamaq mümkündür"

Hal-hazırda əkin sahələrində mövsümlə əlaqədar maarifləndirmə işləri həyata keçirdiklərini deyən Hikmət Xudiyev çox təəssüflə bildirib ki, təbliğat işlərinə rəğmən yenə də yanğın təhlükəsizliyinə əməl etməyənlər çoxdur: "Keçən il neçə min hektar taxıl və dənli bitkilər sahəsində yanğın hadisələri baş verdi. Bunun başlıca səbəbi təhlükəsizlik qaydalarına əməl edilməməsidir. Bütün texnikalar ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır. Statistika göstərir ki, yanğınların genişlənməsinin əsas səbəbi ilk anda müdaxilənin olmamasıdır".

Yanğınsöndürənlərin hələ də müəyyən çətinliklərlə üzləşdiyini bildirən nazirlik təmsilçisi bildirib ki, bəzi həyət evləri və yaşayış binalarının giriş və çıxışlarındakı maneələr var: "Vətəndaşlar yanğın briqadaları üçün problem yaradırlar. Bir də görürsünüz ki, texnikanın hərəkət etməli olduğu yolun üstündə hansısa tikili var və ya yola nə isə basdırıblar. Bütün binaların ətrafında yanğın avtomobilləri rahat hərəkət etməlidir. Bundan başqa su hovuzları problemi də var. Hər bir məhəllədə su hovuzları olmalıdır. Bəzi yerlərdə bu hovuzlar ya ümumiyyətlə sökülüb, ya da elə bir vəziyyətə salınıb ki, içində su olması mümkün deyil. Hovuz olan bəzi binaların həyətində isə quyuya yaxınlaşıb, su götürmək olmur. Köhnə binalarda yanğın təhlükəsizliyi sarıdan hələ də müəyyən problemlər var".

O ki qaldı bəzən vətəndaşların yanğınsöndürənləri gecikməkdə qınamasına Hikmət Xudiyev deyib ki, əslində çox vaxt problem elə o şikayət edəndə olur: "Yanğın baş verəndə dərhal bizə zəng etmirlər. Əvvəlcə özləri əllərinə nə keçirsə, onunla yanğını söndürməyə çalışırlar. Əgər cəhdləri heç bir nəticə vermirsə, o halda qərara gəlirlər ki, yanğın söndürən çağıraq . Onda da gec olur".

Nazirlik təmsilçisi təhsil və səhiyyə ocaqlarında son zamanlar təbliğat işlərinin gücləndirildiyini də bildirib: "Səhiyyə ocaqlarında, məktəblərdə bukletlər, metodik vəsaitlər paylayırıq. Maarifləndirmə işləri xeyli gücləndirilib. Məsələn, məktəblərdə uşaqları yaş kateqoriyalarına bölərək fərqli şəkildə yanğın təhlükəsizliyini öyrətməyə başlamışıq. Hər bir məktəbdə yanğın təhlükəsizliyi guşəsinin olmasını təklif etmişik".

Panoramın başlığı

Azərbaycanın mədəniyyət coğrafiyasında Qars və İğdırın yeri – Mehmet Azəritürk, Sərdar Ünsal

 

Müəllif | Apa.Tv