Baş mama-ginekoloq: “Abortların sayının artmasının müxtəlif səbəbləri var” | Sosium
Azərbaycanda selektiv abortların qarşısının alınması məqsədilə dölün cinsinin əvvəlcədən təyini istiqamətində müzakirələr davam etdirilir. Milli Məclisin Səhiyyə komitəsinin sonuncu iclasında uzun illərdir qəbulu gözlənilən “Reproduktiv sağlamlığın qorunması haqqında” qanunla bağlı müzakirələrdə fikir ayrılıqları yaranıb.
Bəziləri hesab edir ki, övladının cinsini əvvəlcədən öyrənmək valideynin hüququdur və bunun ailəsinin planlaşdırılmasında böyük əhəmiyyəti var. Qəbul olunması nəzərdə tutulan qanunda selektiv abortlar birmənalı şəkildə qadağan ediləcək. Məlumat üçün bildirək ki, 2018-ci ildə Azərbaycanda abort etdirən qadınların sayı 36 min 141 nəfər olub. Onların arasında 18-19 yaşlıların sayı 1 198, 20-24 yaşlıların sayı 7 min 545, 25-29 yaşlıların sayı 11 min 578 nəfərdir. Aborta müraciət edənlərdən 10 293 nəfər 30-34 yaş aralığındadır. 35 və yuxarı yaşda olanlar isə 5 487 nəfər təşkil edib.
Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova mövzu ilə bağlı fikirlərini açıqlayıb.