Rəssam Səhhət Veysov: "Zövq almadığım mübarizədən iyrənirəm"

"Mədəniyyəti quran özü rəssamdır. İndi bütün mədəniyyət azıxantropdan "maşınantropa" doğru gedir. Bu, bir sondur". Bu sözləri APA TV-də yayımlanan "Ulduz axını" verilişinin qonağı olan tanınmış rəssam Səhhət Veysov söyləyib.  

 

Rəssam sənətin onun üçün nə demək olduğunu belə izah edib: "Həyat o qədər darıxdırıcı olur ki, adama elə gəlir ki, işlətdiyin rənglər, çəkdiyin əsərlər narkotikdir. Hər şeydən uzaqlaşıb, kənarlaşmaq istəyəndə istifadə edirsən.  Rənglərlə ünsiyyətimin səbəbi bəzən hər şeydən qaçmaq istəməyimdir. Mən rəssam deyiləm, özüm üçün həyat yaratmışam".

 

Müasir dövrdə incəsənət aləmində hər şeyin şoudan ibarət olduğunu deyən Səhhət Veysov keçmişlə müqayisə aparıb: "Bizim dövrümüzdə musiqidə də, rəssamlıqda da, ümumiyyətlə sənətdə irəliləyiş olmuşdu. İndiki dövrdə heç nə yoxdur. Əyri oturub düz danışsaq, indi hər şey bir az təlxəklik xarakteri daşıyır. Demək olar ki, incəsənətimiz sönüb. Salonlara girəndə elə bil qəbiristanlığa girirsən. Elə heykəllər var ki, Allah göstərməsin... Konkret desək, dizayn mədəniyyəti əmələ gəlib, zövq ölüb. Bu, əməlli başlı sondur, incəsənətin ölümüdür".

 

Qocaman rəssam indi göz qabağında olmamağının səbəbini açıqlayıb: “Mənim üçün keçmişlə bu gün və gələcək arasında divar yoxdur. Hər şey bir axınla gedir. Artıq mən öz daxilimə çəkilmişəm. Çünki yeni dövr başlayıb. O dövrdə ya təlxək olmalı idin, ya da qladiator kimi vuruşmaq lazım idi. İndi bütün dünyada belədir, rəssamlar ya məğlub olublar, ya da qladiator kimi vuruşurlar. Məncə, vuruşmaq üçün gec idi. Çünki dövr artıq qocalıb".

 

Səhhət Veysov Azərbaycan ədəbiyyatının dünya klassikləri ilə müqayisəsinə toxunub:  "Biz bəzi yazıçılarımızı az qala Şekspir mərtəbəsinə qaldırırıq. Amma bəzi əsərlər gerçəkdən şedevrdir. Mən Çəmənzəminlini dahi hesab edirəm. İnsanların Çəmənzəminliyə olan susqunluqları onunla razılaşmaqdır, sevməkdir. İnsanların senzurasından keçəndə onlar susurlar".

 

Uzun illərini sənətə həsr edən rəssam qısqanclığın insana əngəl olduğunu deyib: "Bir çox qüsurlar var ki, onu həzm etmək olar. Amma paxıllığı yox. Paxıllıq şeytani hissdir. İndi Solyeri kimi dahi sənətkarları tapmaq çətindir. Lakin görün paxıllığı ona nə etdi? Onun paxıllığı Motsartı öldürmədi, onun özünü öldürdü. Mən paxıl deyildim. Ona görə məni də öldürə bilmədilər. Ancaq öz-özlərini öldürdülər".

 

Səhhət Veysov çəkişmələrdən uzaq olmasını belə əsaslandırıb: "Keçmişdə şəxsiyyətlər insanlardan qaçırdı. Mən heç vaxt cəmiyyətdən qaçmamışam. Əksinə, Rumi demiş, insanların arasında olmuşam. Lakin elə bir vaxt oldu ki, axın gəldi. Onda qaçmağa məcbursan. Və mübarizədə də zövq almaq lazımdır.  Mən zövq almadığım mübarizədən iyrənirəm. Həşəratlarla mübarizə aparmaq çətindir ".

 

Rəssam əsərlərində təsvir etdiyi obrazların əslində öz həyatını əks etdirdiyini deyib: "Bütün portretlər elə rəssamın öz simasıdır". 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR