Elxan Qasımov: "Aktyor çəkilişdə dadlı yeməklər görəndə düşünməməlidir ki, ailəm evdə acdır"

"İndiyədək çalışmışam ki, çiynimə düşən yükü layiqincə daşıyım. Amma necə daşımışam, bunu ətrafım, məni tanıyanlar bilir. Mənimlə müsahibəyə gələnlər məlumdur ki, məhz "Şofer Əhmədi" görürlər. Bu obraz mənə böyük uğur gətirdi. Gənc yaşımda birdən-birə xalqın sevimlisinə çevrildim". Bu sözləri APA.TV-nin efirində yayımlanan "Ulduz axını" verilişinin qonağı əməkdar artist Elxan Qasımov deyib.

Müsahibimiz onu da etiraf edib ki, filmlərdə çox görünməməyinin səbəbi çalışqan olmamağıdır: "Heç vaxt gözə girməyə cəhd etməmişəm. Hətta bir imkan düşən kimi ondan istifadə etməyi də düşünməmişəm. Üç bədii filmin rejissoru olmuşam. Bu filmlər mənə təqdim olunmuşdu. Həmişə cavan aktyorlara, rejissorlara da deyirəm ki, əgər sənətə ciddi yanaşsanız hörmətli olacaqsınız".

"Həmişə çalışmışam ki, qadınları incitməyim. Cavanlıqda bəzən qızların qəlbinə dəymişəm. Amma bu, düşünülmüş şəkildə olmayıb. Sadəcə, yaşın və təcrübəsizliyin yanlışlığı deyərdim". Əməkdar artist bu sözləri gənclik xatirələrindən danışarkən dilə gətirib.
Son dövrlərdə Azərbaycan kinosunun vəziyyətinə münasibət bildirən Elxan Qasımov hazırda bu sahədə inkişafın olduğunu bildirib: "Düşünürəm ki, filmlərimizi müxtəlif ölkələrin kino festivallarına göndərmək olar. Müqayisə edəndə deməzdim ki, hansısa film geridə qalır və ya öndədir. Demək olar ki, hamısı eyni səviyyədədir. Kino qaldıqca qızıla dönür. Vaxtilə bəyənilməyən, tənqid edilən kinolarımız olub, amma indi onlara sevə-sevə baxırıq. Mən çox istəyərdim ki, əvvəlki dövrlərdəki kimi kino tənqidçilərimiz olsun. Bir çox film təqdimatlarında müşahidə etmişəm ki, bəzi tənqidçilər filmə baxanda hətta xoşuna gələn hissəsi olsa belə yanında oturan rəhbər və ya vəzifəli adamdan çəkinir, hissini büruzə vermir. Çıxışlarında və yazılarında isə fikir söyləməyə, "yaxşıdır" sözünü deməyə qorxurlar. Bu mənzərənin dəfələrlə şahidi olmuşam".
Aktyorların qonorar problemindən danışan müsahibimiz bu məsələnin düzgün tənzimlənmədiyini deyib: "Aktyor gərək yaxşı dolansın. Maddi cəhətdən əziyyət çəkməsin. Tutaq ki, gedib çəkilişdə dadlı rekvizit yeməklər görəndə düşünməsin ki, ailəm evdə acdır. İnsanın həyatı onun üz cizgilərinə təsir edir. Bədbəxt aktyor səhnədə necə ürəkdən gülə bilər. Onun gözü gülməyəcək, süni alınacaq. Bəzi məmurlarımız kabinetlərinə əşyaların bahalısını, kinoya kameranın ucuzunu alırlar. Əlbəttə, belə olanda rejissordan keyfiyyətli film tələb etmək də düz deyil".
Həyatının ən böyük itkisini yaşayan aktyor nə vaxtsa oğlu ilə görüşəcəyinə ümid etdiyini deyib: "Yaşa dolduqca o biri dünyanın varlığına inanıram. Düşünürəm ki, bir insan yox ola bilməz. Heç nə yox olmur. Buna görə də həyatda demək olar ki, heç bir qorxum yoxdur. Sadəcə, bir şeydən narahatam; insanların gözündən düşmək istəmərəm. Ömrümün sonuna kimi çalışacağam ki, heç kəsin qəlbini sındırmayım".
 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR