Rəfiqə Şabanova:"SSRİ yığma komandasında paxıllığımı çəkənlər var idi"

"Demək olar ki, məhəllmizdə yeganə qız uşağı mən idim. Qalan uşaqların hamısı oğlan olduğu üçün mən də onlarla oynamağa məcbur idim. Ona görə də onlarla birgə futbol oynayırdım. Hətta qız üçün olan oyunları belə, oğlanlara oynamağa məcbur edirdim. Biz Sabunçuda yaşayırdıq, stadion isə Bakıxanov qəsəbəsində idi. Uşaqlara qoşulub anmadan icazə almadan stadiona gedirdim. Sonradan idmanla professional məşğul olmağa başladım. Artıq anam da anladı ki, qərarımı vermişəm, məni yolumdan döndərə bilməyəcək".

 

Bu sözləri APA.TV-nin efirində yayımlanan "Ulduz axını" verilinin qonağı əməkdar idman ustası, əməkdar məşqçi və əlbəttə ki, Olimpiya çempionu Rəfiqə Şabanova deyib:  

 

"Həndbola mən 19 yaşımda gəldim. Amma iki il sonra artıq mən SSRİ yığma komandasında oynayırdım. Görüb dəvət etdilər məni". 

"İdman mənim işim, həyatımın bir parçasıdır" deyən müsahibimiz bununla belə anasına kömək etməsindən, oğlanlarla dostluğundan da danışıb:
 

"Anama hər işdə kömək edirdim. Ailədə maddi baxımdan vəziyyət o qədər də yaxşı deyildi. Ona görə anam da işləyirdi. Mən də evdə ona hər cür kömək edirdim. Anam tibb bacısı idi. Sonradan musiqi məktəbini də bitirdi. Amma tibb bacısı işlədi sonadək...    

 

Sabunçuda yaşayırdıq. Ora çətin yer idi. Axşamlar küçəyə çıxmaq qorxulu idi. Amma mən qorxmurdum küçəyə çıxmağa. Oğlanların hamısı mənim dostlarım idi. münasibətimiz çox yaxşı idi. Birlikdə gəzməyə çıxırdıq. Onlar məni qoruyurdular. Evimizin yanında meydança var idi. Orada oğlanlar futbol oynayırdılar. Mən də onlarla oynayırdım".

 

Rəfiqə Şabanova Azərbaycan həndbolunun indiki vəziyyətinin o qədər də yaxşı olmadığını bildirib: 

"Mənim fikrimcə həndbolda indi vəziyyət bir az ağırdır. Nəsil dəyişikliyi yaşayır həndbolumuzda. Yaşlılar artıq öz karyeralarını yekunlaşdırıblar. Onların yerinə gənclər gəlib. Ona görə də bir az həndbolda durğunluq var. Hələ ki, elə  uğurlar, filan yoxdur. Amma yeni gələnlərə çoxlu məşq eləmək lazımdır. Mən hesab edirəm ki, uşaqların həndbolu öyrənməsi üçün şəraiti olan idman məktəbləri çox olmalıdır. Əvvəllər belə məktəblər var idi. Bizə uşaqlar oradan gəlirdilər. Onların artıq müəyyən qədər məşq, oyun təcrübəsi olurdu. İndi gələnlərin isə belə təcrübəsi çox azdı. Uşaqların həndbol üzrə məşq edə biləcəkləri məktəblər çox olmalıdır.

 

Bir məsələ də var ki, indi uşaqların vaxtı da az olur. Onlar əsas vaxtlarını dərslərini öyrənməyə sərf edirlər. Məşq etməyə vaxt qalmır. Bizə gələn uşaqlarda da belədir. Əsas vaxtlarını məşqə yox dərslərinə sərf edirlər. Ona görə də məşqlərə müntəzəm gəlmirlər".   

 

Rəfiqə Şabanova Azərbaycanın kişi həndbol komandasının niyə qadınlar qədər uğurlu olmamasından da danışıb:

 

"Sovet hökuməti dövründə bizim oğlanlardan ibarət komandamız çox yaxşı idi. Sonra o komandada da dəyişikliklər oldu. Nəsil dəyişdi. Hamı getdi. Məşqçilər dünyasını dəyişdi və s. Vəziyyət bir az dəyişdi. Ona görə, indi onlar da sıfırdan başlayıblar bu işi qurmağa".

 

Həmsöhbətimiz məşqçilikdən kənar məşğuliyyətindən, zövqlərindən də danışıb.

 

" Böyük tennisi çox xoşlayıram. Musiqini çox sevirəm. Maşına oturan ki, musiqi dinləyirəm. Klassikadan tutmuş bu yana bütün musiqiləri xoşlayıram...

 

İndiki yaşımda heç kimdən və heç nədən qorxmuram. Yalnız Allahdan qorxuram. Əvvəllər çox şeyə hirslənirdim. İndi əsəbiləşdirəcək bir şey olanda özümə deyirəm ki, "qulaq asma, baxma, fikir vermə, yaxın getmə". Mən heç vaxt kiminsə paxıllığını çəkməmişəm. Amma mənə qarşı paxıllıq olub. Öz millətimizdən yox əlbəttə. Başqa millətdən olub paxıllıq edənlər. SSRİ yığmasında oynadığım vaxtlar olub bu. Amma belə münasibət məndən heç nə ala bilməyib. Heç narahat da etməyib məni. Hətta SSRİ yığma komandasında oynamaqdan imtina da etmişəm buna görə. Demişəm oynamaq istəmirəm yığma komandada. Sonra bütün məşqçilər yığılıb məni istəməyən məşqçini tənqid ediblər. Deyiblər ki, sizə görə hamı komandadan gedir. Sizinlə işləmək istəmirlər. O məşqçinin adını demək istəmirəm. Artıq dünyasını dəyişib. Sonra mən SSRİ yığmasında oynamağa davam etdim və Olimpiya çempionu da oldum. Demək istəyirəm ki, bu həyatdır. Hər şey olur".

 

İdmandakı xidmətlərinə görə Şöhrət ordeni ilə təltif olunan Rəfiqə Şabanova uğurlarından, mükafatlarından danışmağı o qədər də sevmədiyini deyib. Amma  bununla belə saysız-hesabsız nailiyyətlərinin heç də asanlıqla əldə edilmədiyini də bildirib:


" Kimə lazımdı o mükafatlar. Düzdü oynadığım illərdə əlbəttə ki, mükafat almaq xoş idi. Amma mən heç vaxt mükafat haqqında düşünməmişəm. Öz işimi sevmişəm və canımı qoymuşam bu yolda. Ömrümü sərf eləmişəm. Başqaları kimi istədiyimiz vaxt istirahət etməyə, harasa getməyə, gəzməyə imkanımız olmurdu bizim. Çünki vaxt olmurdu. Oyun olmayanda da bütün günü məşqdə olurduq. Ağır işdir bu. Oyunda zədə alırdım. İynə vurub ağrını götürürdülər, yenə meydana çıxırdım. Bu elə işdir ki, yarıda da atmaq olmur. Çünki canını verirsən ona".         

 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR