Əsgər Məmmədoğlu: "Bəziləri fəxri ad aldıqdan sonra adama salam vermirlər"

 

“Bilirsiniz nəyə sevinirəm? Baş rolda oynadığım film çəkmədilər, amma mənim haqqımda bəlkə də heç bir xalq artistinin haqqında çəkilməyən qədər verilişlər çəkilib". APA TV-nin "Ulduz axını" proqramının qonağı olan Akademik Milli Dram Teatrın aktyoru, əməkdar artist Əsgər Məmmədoğlu belə deyib.

 

O hesab edir ki, komediya aktyorunun görkəmi olmalıdır: “Bəlkə  məndə nə zamansa o obraz var idi. İndi də yoxdur. Bəlkə indi üzüm adiləşib. Fəxri adlar həyatda heç nəyi həll etmir. Dava edirlər, vuruşurlar. Hə, qoy ad verilsin, lap ol xalq artisti, nə olsun. Həm də fəxri ad alırlar, sonra adama salam vermirlər. Görürlər ki, yox, əhəmiyyətli bir şey verilməyib onlara, başlayırlar salam verməyə".

 

Ələsgər Məmmədoğlu onu həyatda incidən məqamlardan danışıb: “Məsələn, teatrın 140 illiyi oldu. Mən orada 40 il işləmişəm. Balaca bir nişan verməmələri bir yana, heç sayan da olmadı. Bu işi təşkil edənlər özləri dəyər verməli idilər. Amma məni Gürcüstanda elə qarşıladılar ki, özümə qarşı o münasibəti Azərbaycanda ömründə görməmişdim. Çaşıb qaldım. Onu da heç kim nə yazmadı, nə göstərmədi. Biz teatrda lazımi qədər işləmişik.  Allah rəhmət eləsin Əlabbas Qədirova, nə yaxşı ki, o vaxt rəhmətlik Heydər Əliyevin "Hamlet" tamaşasına gəlməsinə nail ola bildi. Yəqin o olmasaydı, bizə indi də  fəxri ad verilməmişdi".

 

Əməkdar artist hesab edir ki, yaxşı tamaşa qoymaq üçün yaxşı rejissor lazımdır: "Yaxşı tamaşa qoymaq, film çəkmək üçün yaxşı rejissorumuz yoxdur. Ona görə nə kinodan, nə teatrdan heç nə gözləmirəm. Çıxış yolu isə birdir. İstedadlı insanlara yol versinlər.  Kimsə gəlməlidir və hər şeyi dəyişməlidir. Necə ki zamanında gəlmişdilər və dəyişdirmişdilər".

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR