Sənubər İsgəndərli: "Toylara çağırıb, çoxu pul təklif edirdilər"

"Həmişə baxımlı olmağa çalışıram. Çünki efirə səliqəsiz çıxmaq həm tamaşaçıya həm də özümə hörmətsizlikdir. Ümumiyyətlə qadını əvvəllər sadəcə nəsil artırmaq üçün lazım bilirdilər. Təbii ki, zaman keçdikcə qadına olan münasibət dəyişdi. Ancaq bu, bir həqiqəti dəyişmir ki, qadın anadır. Məhz qadın üçün ən vacib olan xüsusiyyət budur və qadın da həmişə özünü ruhən ana kimi hiss edir". Bunu APA.TV-nin efirində yayımlanan "Ulduz axını" verilişinin qonağı əməkdar artist Sənubər İsgəndərli deyib.
Müsahibimiz öz xarakterindən söhbət açıb. Yaxşı keyfiyyətləri ilə yanaşı həm də özündə bəyənmədiyi xüsusiyyətlərin də olduğunu etiraf edib. "Çox səbirli insanam. Bəzən yaxınlarım mənə irad tutur ki, pislik edən insanların cavabını vaxtında vermək lazımdır. Lakin bu səbir mənə bəzi hallarda çox kömək olub. Ancaq bəyənmədiyim xüsusiyyətlərim daha çoxdur. Məsələn, məndə mübarizlik yoxdur. Çox aktyorlarımız var ki, fəxri ad almaq üçün çarpışır, vuruşur və yaxud filmlərdə rol almaq üçün dəridən-qabıqdan çıxır. Ancaq mən bunların heç birini etməmişəm. Sadəcə indi oynadığım filmlərin sayca az olmasını görəndə bəzən peşmançılıq keçirirəm ki, mənə o vaxtlar gələn film təkliflərinin çoxunu keşkə dəyərləndirərdim".
"İlk dəfə "Kişi sözü" filminə çəkiləndə demək olar ki, kinonun nə olduğunu bilmirdim. Kim nə deyirdi, sakitcə əməl edirdim. Hətta filmin premyerasında özümə baxanda çox utandım. Düşündüm ki, indi hamı məni tənqid edəcək. Heç gözləməzdim ki, film zaman keçdikcə daha çox seviləcək". Əməkdar artist bu sözləri kinoya gəlişi barədə xatirələrindən danışarkən dilə gətirib.
Sənubər İsgəndərli yaradıcılığı dövründə musiqiyə meyl etməsinin səbəblərindən də danışıb. "Məlum səbəblərdən dolayı ölkədə mədəniyyət sahəsində də tənəzzül yaşandı. Teatra maraq tamamilə azalmışdı. Zalda çox az tamaşaçı olurdu. Ona görə də sanki bu boşluğu doldurmaq, içimdəki sənət ehtiyacını az da olsa təmin etmək üçün fikirləşdim ki, bir mahnı oxuyum. Təbii ki, müğənni olmaq iddiam yox idi. Beləcə, Cavanşir Quliyev mənim üçün sözləri Mədinə Gülgünə aid olan "Məhəbbət olmayanda" mahnısını bəstələdi. Ağlıma da gətirə bilməzdim ki, bu mahnı belə sevilib məşhurlaşacaq. Hətta məni toylara da dəvət etməyə başladılar. Çoxlu pul təklif edirdilər. Təbii ki, heç bir dəvəti qəbul etmədim. Çünki mənim toyda oxumaq üçün səsim yox idi. Studiyada texnikanın köməyi ilə birtəhər düzəldib mahnı oxumuşdum. Ona görə də gedib toylarda camaatı aldada bilməzdim".
Həmsöhbətimiz son dövrlərdə bir serialda rol alsa da yaradıcılığını əsasən teatrda davam etdirdiyini bildirdi.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR