Elxan Cəfərov: "Ailədə hegemonam və hegemon olaraq da qalacağam"
"Hazırda biz bir filmi başa çatdırmaqdayıq. İkinci dünya müharibəsinə həsr olunub. 2015-ci il mayın 9-u qələbənin 70 illiyi qeyd olunacaq. Onunla əlaqədar bu filmi yekunlaşdırırıq. Filmin istehsalatının artıq sonuncu ayıdır. Düşünürəm ki, yaxın günlərdə filmi təhvil verəcəyik. Filmin ən çətin vaxtı çəkiliş dövrüdür. Biz artıq çəkilişləri 3-4 ay əvvəl bitirmişik. İndi səsləndirmə prosesi gedir. Yəni ki, indiki halda yaxşı bir film orta qoymaq üçün hər cür şərait var və biz o şəraitdən istifadə etməklə məşğuluq."
Bunu APA TV-nin "Ulduz axını" verilişində rejissor Elxan Cəfərov deyib:
"Filmin ərsəyə gəlməsində böyük bir maliyyə çətinliyimiz olmayıb. Filmin smeta dəyəri artıq 2 milyon manatı keçib. Bu kiçik məbləğ deyil. Biz adətən maliyyədən söz düşəndə Hollywood filmləri haqqında düşünürük. Amma nəzərə almaq lazımdır ki, Avropa film fenomeni də var. Və Avropada filmin smeta dəyəri maksimum 2-5 milyon civarında olur. Bu baxımdan bizim çəkdiyimiz filmdə də hər hansı belə bir ciddi, nəzərəçarpacaq texniki və ya maddi problem gözə dəyməyib. Əgər problem olursa, bu daha çox filmin yayım prosesində olur. Azərbaycanfilmin bir hissəciyi olaraq biz artıq kifayət qədər gözəl filmlər çəkirik. Xüsusilə son 4-5 ildə çox müvəffəqiyyətli filmlər və layihələr olub. Sadəcə biz bunları Azərbaycan tamaşaçısına çatdırmaq problemi yaşayırıq. Çünki, Sovetlər Birliyindən sonra yayım sistemi bir qədər dağılıb. Hazırda istehsalat sistemi bütövlənmək ərəfəsindədir. Biz artıq bu məsələdə problemləri adlaya bilirik. Amma yayım problemi hələ ki, aktual olaraq qalır. Çəkdiyimiz filmi xaricilər daha çox görür, nəinki Azərbaycan vətəndaşları. Biz filmi onlara çatdırmaqda çətinlik çəkirik. Hələ ki, ən aktual yayım sistemi məhz televiziyadır".
Rejissor özü çəkmiş olduğu "Dolu" filmindən də danışıb:
"Dolu filminin çəkilişlərinə başlamazdan əvvəldən bu filmin diqqət çəkəcəyi bəlli idi. Çünki orada ümumazərbaycan dəyəri var. Hamımızı narahat edən Qarabağ problemimiz var. Bilirdim ki, bu filmə baxan çox olacaq. Amma onun bəyənilib bəyənilməməsi artıq çəkiliş prosesində kadrlara diqqət yetirərkən bəlli olurdu. Var gücümüzlə çalışırdıq ki, istədiyimizə nail olaq. Filmlər var sırf festivallara, filmlər də var ki, daxili bazara istiqamətlənir. "Dolu" məhz azərbaycanlılara aid olan bir filmdir. Biz onu Rusiyada - Moskvada, Peterburqda, Yekaterinburqda, Türkiyədə, Çexiyada nümayiş etdirmişik. Kənardan bu bir qədər millətçi film kimi də görünə bilər. Əlbəttə ki, bir yaradıcı insan olaraq mənim marağımdadır dünyanın sabit durumu, müharibəsiz durumu. İnsanların bir biri ilə münasibəti təkcə acıq və hikkə üzərində deyil hər hansı mədəni bir faktor üzərində qurulması daha gözəl olardı. Çox ümüdliyəm ki, insanlığın yaxın gələcəkdə ümumiyyətlə bu acıq və hikkədən başı ayılacaq".
Elxan Cəfərov onu kinoya gətirən ilk film "Şir evdən getdi" ilə bağlı da fikirlərini söyləyib:
"Tamaşaçıların məni məhz "Şir evdən getdi" filminə görə xatırlamaları gənc vaxtlarımda bir az xətrimə dəyirdi. Düşünürdüm ki, axı mən böyüyəndən sonra da filmlərə çəkilmişəm, rejissor kimi fəaliyyət göstərirəm. Amma yaş keçdikcə bu məqam yalnız və yalnız daxilimdə bir təbəssüm, sevinc yaradır. Bilirsiniz, hər bir kəsin taleyində hər hansı parlaq bir nöqtə, atdığı ən önəmli addım və yaxud özündən asılı olmayaraq həyatında baş verən hər hansı bir hadisə insanların yaddaşında birdəfəlik həkk olunur. Sonradan nə etsən də ilk növbədə o birincinin yaratdığı hissiyyatla müqayisə olunur. Amma mən bundan əziyyət çəkmirəm. Əslində bu ilk sevgi kimi bir şeydir və sonradan onu üstələmək imkansızdı.
Hər bir insanı taleyində ilk sevgi anlamı var. Kimisində bu məktəbdə baş verir, kimisində hətta uşaq bağçasında. Məsələn, mənim uşaq bağçasında ilk dəfə vurulduğum qızın siması indiyədək yadımdadır. Hər şey yadımdan çıxıb. O bağçanın divarları, müəllimələr, ətrafımda olan insanlar, hamısı yadımdan çıxıb. Amma o qızın siması yadımda qalıb. Ondan sonra mən çox gözəl insanlarla görüşmüşəm. Məktəb məhəbbətim də olub, gənclik məhəbbətim də. Hazırda taleyimi bağladığım xanımımla böyük bir məhəbbətim olub. Amma bu gün artıq Elxan Cəfərov olaraq mənim düşüncəmdə olan ən parlaq məhəbbət hissi məhz o uşaq bağçasında vurulduğum qıza idi.
Və onu üstələmək mümkün deyil. Yəni demək istəyirəm ki, ilk çəkildiyin film də belədir. Sən ondan da böyük işlər görə bilərsən, böyük filmlər çəkərsən, məsələn, "Oskar" da alarsan, dünyanı da fəth edə bilərsən. Amma "Şir evdən getdi" mənim taleyimdə və insanların mənim haqqımda düşüncələrində çox parlaq bir nöqtədir. Ona görə də "niyə məhz onu düşünürlər?", "niyə bəs mənim sonrakı işlərim haqqında bir şey fikirləşmirlər?" kimi suallar sıxmır məni".
Elxan Cəfərovun həyat yoldaşı aktrisadır. Tamaşaçıların yaxşı tanıdığı Gülzar Qurbanova. Rejissordan fərqli olaraq Gülzar xanımın fəxri adı var. Əməkdar artistdir. Bu məsələ ilə bağlı rejissor "kişilər adətən ailədə özlərindən güclü qadın görmək istəmirlər. Sizdə necədi vəziyyət, fəxri ad münasibətlərə təsir etmir ki?" sualımızı belə cavablandırıb:
"Fəxri ad hələ güc demək deyil. İkincisi də daxilən elə bir ehtiyacım yoxdur. Çünki, biz düşüncə baxımından yeni Azərbaycanın insanlarıyıq. Adlar məsələsi isə sovet dövründən gəlmədi. Məsələn, deyək ki, Leonardo Di Kaprio "Oskar" almayıb. Amma nə olsun ki, almayıb. Onu bütün dünya tanıyır. O cümlədən də əməkdar və ya xalq artisti adları, verirlərsə nə yaxşı, amma vermirlərsə də problem deyil. Bu bir, ikincisi də, ailədə mən hegemonam və hegemon olaraq da qalacağam (gülür). Fəxri ad münasibətlərdə heç nəyi həll etmir".
Həmsöhbətimiz filmlərə dəvət edilmədiyi, yaradıcılığında durğunluq olduğu dövrlə bağlı fikirlərini də bizimlə bölüşüb:
"Bilirsiniz, mən ümumiyyətlə bu dünyaya bir az filosof kimi baxıram. Qəbul elədiyim fakt ondan ibarətdir ki, reallıq həqiqətdir. Həqiqət Allahdandır. Əgər bu gün hər hansı bir çətinliklə üzləşirsənsə, demək ki, bu çətinliyi adlayıb güclü olacaqsan. O çətinliyin qarşısında aciz olmaq, yaxud çətinliklərdən qorxub dərd çəkmək, bu düz deyil. Allah böyük problemlərdən, böyük dərddən uzaq eləsin. Amma xüsusilə yaradıcı problemləri elə problemlərdi ki, onlar həmişə insana stimul verir. İnsanı irəliləməyə sövq edir. Özünün Allah adamı olduğunu qəbul edəndə, Allahın sevimli bəndəsi olduğuna inananda (mən buna inanıram) başa düşürsən ki, bu çətinliklərin hamısının xeyri var".
Elxan Cəfərov "Təhminə" filmi mövcud olduğu halda həmin süjet üzrə "Beşmərtəbəli evin altıncı mərtəbəsi" filminə necə çəkilməsi məsələsinə də aydınlıq gətirib:
"O filmə çəkilmək fikrim yox idi. Özlüyümdə bu məsələni həll etmişdim. Ona görə yox ki, Fəxrəddin Manafovdan sonra bu rolu oynamaq olmaz və s. Ümumiyyətlə mənim üçün nəyinsə möhürünü vurmaq kimi bir düşüncə yoxdu. Amma o vaxt durğunluq dövrü idi. Mənim həmin dövrdəki yaşımda olanlar arasında aktyor seçimi məhdud idi. Ona görə çox axtarışdan sonra mənim üzərimdə dayanmışdılar. Sadəcə filmi çəkənlər çox yaxın adamlar idilər. Bir də ki, həmin filmin ssenarisini mən və Aqil M. Quliyev yazmışdıq. Mən o vaxtlar buna bir oyun kimi baxırdım. Ümumiyyətlə mən özümü aktyor kimi yox, rejissor kimi görürəm".
Rejissor klip çəkilişlərindən də danışıb. Deyib ki, əslində o kinoya olan daxili ehtiyacını ödəmək üçün bir vaxtlar kliplər çəkib:
"Sonuncu klipi 2007-ci ildə çəkmişəm. Eyyub Yaqubov üçün çəkdiyim "Yenə o bağ olaydı" klipi. Ondan sonra klip çəkməmişəm. Mənim ilk filmim 2010-cu ildə çəkilib. Ümumiyyətlə yaradıcılığıma mən klip çəkilişlərindən başlamışam. Bu kinaya olan daxili ehtiyacdan, tələbatdan idi. Bu gün mən reklam da çəkirəm. Amma bu sırf maddiyyatla bağlı işdir. Yəni sırf yaradıcı iş deyil. Amma klip yaradıcı iş idi. Kino çəkmək imkansız olduğu üçün o vaxt mən bütün daxili potensialımı, kino arzularımı klipdə ortaya çıxartmağa çalışırdım. Amma ümumiyyətlə deyim ki, yaradıcılığımda mənə təklif olunan bütün işlərin öhdəsindən gəlməyə çalışmışam. Heç bir təklifdən imtina etməmişəm.
Geriyə dönməyin, arxanın məni məşğul etməsinin tərəfdarı deyiləm. Təbii ki, keçmişdə gördüyüm işləri daha yüksək səviyyədə gələcəkdə görmək istəyirəm. Amma köhnə işlərim də məni qane edir. Onlara baxanda hiss edirəm ki, içimdə daxili bir məmnunluq yaranır. Təbii ki, səhvləri də görürəm, indi nəyi daha necə edərdim, onu da düşünürəm. Amma ümumi götürəndə yaradıcılıqla bağlı daxili bioritmik struktur 10 yaşımda necə idisə, indi, 47 yaşımda da elədir. Düşünürəm ki, aradakı müddətdə də elə olub".
Elxan Cəfərov sonda deyib ki, yaradıcılığının indiki dövrünü ən parlaq dövr hesab edir. "Çünki mən gələcəyə istiqamətlənmişəm. İnsan olaraq da mən dünənə bir addım da atmaq istəmirəm. Yalnız irəli."