Arif Qazıyev: "Ailədə dörd nəfərik və heç birimiz işləmirik"

"Başqa ölkələrdə incəsənət adamları ömürlərinin sonuna kimi işləyirlər. Amma bizdə qocalan kimi təqaüdə çıxarırlar. Əslində mən düşünürəm ki, indi də işləyə bilərəm. Baxmayaraq ki, 77 yaşım var, özümü çox gümrah hiss edirəm. Çünki həmişə sağlamlığıma diqqət etmişəm,  normal qidalanmışam, idmanla, xüsusilə üzgüçülüklə məşğul olmuşam. Məni gümrah saxlayan həm də yaradıcılığım olub".  Bunu APA.TV-nin "Ulduz axını" verilişində rejissor, əməkdar incəsənət xadimi Arif Qazıyev deyib.

 

Müsahibimiz bildirib ki, hazırda təqaüddə olmasına baxmayaraq, "Vağzalı" sənədli filmi üzərində işləyir: "Təbii ki, işləri təkbaşına görmək mümkün deyil. Dövlət tərəfindən maliyyə dəstəyi ayrılsa yaxşı olar. Mən ölüb gedəndən sonra istəyirəm işlərim qalsın, baxıb davam etdirsinlər. Əfsus ki, indi bəy və gəlinlərimizin çoxu saraya Vağzalı musiqisi sədaları altında girmirlər. Avropa musiqilərinə meyl edirlər. Biz Avropada pis nə var, onu götürürük".

 

Arif Qazıyev yaradıcılığı boyu əsasən muğamın inkişafı və təbliği üçün çalışdığını dilə gətirib. Hazırda da bu istiqamətdə işlərini davam etdirmək arzusunda olduğunu deyib: ""Şur" sənədli filminin davamını işləmək arzusundayam. O vaxt Heydər Əliyev də demişdi ki, muğamlarımız haqda film çəkmək yaxşı təşəbbüsdür. Bu işi davam etdirmək lazımdır. Ancaq maliyyə dəstəyi olmasa mümkün deyil".

Həmsöhbətimiz uşaqlığından, atasız böyüməyindən söhbət açıb:

 

"Anam bizi çox əziyyətlə böyüdüb. Elə olurdu ki, yemək tapmırdıq deyə jmıx yeyirdik. Ancaq çalışırdı ki, təhsil alım, dərslərimi yaxşı oxuyum. Bəklə də bunu çoxu bilmir ki, "Cücələrim" mahnısını ilk dəfə mən oxumuşam. 1948-ci ildə filarmoniyanın yay zalında çıxış etdim. Mircəfər Bağırov da orada idi. İfam çox xoşuna gəlmişdi. Məni yanına çağırıb dedi ki, Bakıda qal, təhsilini burada davam etdir. Uşaq idim, anamdan ayrı qala bilməzdim. Həm də sonra bildim ki, elə mənim atamı da o tutdurub. Atam Arxangelskdə  vəfat edib".

 

Muğam teatrının bağlanmasına təəssüflənən Arif Qazıyev bu məkanın yaradılmasına böyük əziyyəti olduğunu da dilə gətirib. "Həmin məkan çox bərbad vəziyyətdə idi. Mən oranı tam tarixi simvollarımızla bəzətdirdim. Hətta çox vaxt televiziyalar bayram çəkilişlərini də orada edirdilər. Teatrı bağlayanda beş nəfər işsiz qaldıq. Hamımıza söz verdilər ki, sizi işlə təmin edəcəyik. Amma onların hamısını işə düzəltdilər, təkcə mən işsiz qaldım. Mən narazı deyiləm. Hazırda ailədə dörd nəfərik və heç birimiz işləmirik. Yalnız təqaüdlə dolanırıq. Düzdür, narazılıq edə bilmərəm, çünki prezident məni təzə mənzillə təmin edib. Nəzərə alsaq ki, incəsənət sahəsində həyat yoldaşımın da bu qədər əməyi var, professordur, heç olmasa bu yaşlı vaxtımızda maddi cəhətdən əziyyət çəkməyək."

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR