Ağaxan Abdullayev: "Kasıb toy sahiblərindən pul almamışam"

"Özümü çox yaxşı hiss edirəm. Çox adam bilir ki, bu yaxınlarda ölüm xəbərim yayıldı. Bunu çıxardan adamın pis niyyətlə etdiyini düşünmürəm. O, sadəcə sadəlövh adam olub, dediyi sözün mahiyyətini dərk etməyib. Dərin düşüncəsi olan adam bu şaiyəni yaymaz. Allahı sevən insana heç nə olmur. Allah özü bilir kimə nə qədər ömür verib, vaxtı gələndə ömrümüzü başa vuracağıq." Bu sözləri xanəndə, xalq artisti Ağaxan Abdullayev APA.TV- nin "Ulduz axını" verilişində deyib.
 
Uşaqlığını xatırlayan xalq artisti valideynindən danışıb. "Çoxuşaqlı ailədə böyümüşəm. Səkkiz qardaş dörd bacı olmuşuq. Atam həmişə çalışıb ki, korluq çəkməyək. Heç kəsə ağız açmayıb. Çox ciddi və ağır xarakteri vardı. Evə qonaq gələndə nə bacılarım nə də anam qonağın qarşısına çıxardı. Təəssüf ki, 25 yaşım olanda atam dünyasını dəyişdi. Məhz  ondan sonra ailənin məsuliyyətini daha dərindən hiss etmişəm".
 
Xanəndə əvvəllər atasının onun bu sənətə gəlməyinə qarşı olduğunu da deyib: 

"İlk vaxtlar tarda ifa edirdim. Atam da  əvvəllər oxuyan olub. Bir müddət sonra anlayıb ki, bu sənət onun xarakterinə uyğun deyil. Ona görə də mən xanəndə olmaq istəyəndə əvvəlcə narazılıq etdi. Deyirdi ki,  toyda içkili adamlar gəlib söz deyər sənə, xətrinə dəyərlər, söz-söhbət yaranar. Ancaq mən ona söz verdim ki, insanlarla rəftarımda, münasibətimdə diqqətli olacağam. 
 
Kasıb toy sahiblərindən pul almamışam. Heç vaxt heç kimlə pul sövdələşməsi etməmişəm. Allah səhəri günü  mənim ruzimi başqa yerdən verib". 
Muğam sənətinin indiki vəziyyətindən də danışan Ağaxan Abdullayev "Muğam" müsabiqəsindən istedadlı gənclərin çıxdığını vurğulayıb: "Münsiflər heyətində oturanlardan biri də mənəm. Ümidim var ki, gələcəyin yaxşı xanəndələri yetişəcək. Düzdür, heç kəsin heç kəsin yerini tuta bilməz. Amma ən azından muğama yeni səslər gələcək, məhz buna görə də muğam həmişə müasir qalacaq".

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR