Süleyman Zeynalov:"Özümü müalicə etdirmək üçün tez-tez borc alıram"
"25 ilə yaxın demək olar ki, dayanmadan dövlət qastrol konsertlərində çıxış etmişəm. Dövrün məşhur sənətkarları ilə eyni səhnədə çalışmışam. "Bənövşə" uşaq xorunda inkişaf etmişəm. Gülarə Əliyevanın rəhbərlik etdiyi "Dan ulduzu" instrumental ansamblında solo konsertlər vermişəm. Səhhətimə heç diqqət yetirmirdim. İndi həmin yorğunluqlar yavaş-yavaş üzə çıxır. Ayaqlarımda xəstəlik yaranıb. Çox vaxt borc tapıb müalicəyə yollanıram".
Bu sözləri APA.TV-nin "Ulduz axını" verilişinin qonağı, əməkdar artist Süleyman Zeynalov deyib.
Müsahibimiz hazırda kirayədə yaşadığını, maddi cəhətdən sıxıntılar çəkdiyini dilə gətirib:
"Əlbəttə bu, məni çox üzür. 40 ilimi sənətimə həsr etmişəm. Dayanmadan işləmişəm. Müharibənin qızğın vaxtlarında səngərlərdə, hərbi hissələrdə konsertlər vermişəm. İndi hansısa gənc, istedadsız müğənnin villası, bahalı maşını, fəxri adı var. Əvvəllər evim vardı, lakin xanımımın xəstəliyi ilə əlaqədar satmalı oldum. Onun ölümündən sonra ailə qurmadım. İki uşağı tək böyütdüm".
Uşaqlığından, sənətə gəlişindən söhbət açan qonağımız maraqlı bir təsadüfün onun həyatını necə dəyişməyindən də söhbət açıb:
"17-18 yaşlarında idim. Günlərin birində dayanacaqda avtobus gözləyərkən öz-özümə zümzümə edirdim. Orada dayanan xanımlardan biri əlini çiynimə qoyub adımı soruşdu. Mənə iş kartını uzadıb, orada yazılan ünvana gəlməyimi söylədi. Baxdım ki, kartda Asəf Zeynallı adına musiqi məktəbinin adı yazılıb. Səhəri gün məktəbə getdim. Həmin qadını axtardım. Otağa girəndə onun royalın arxasında oturduğunu gördüm. Adı Pərixanım idi. Behbudova Pərixanım. Söhbət edərkən vokal müəllimi olduğunu öyrəndim. O, məni dinlədi və məktəbə qəbul olunmağıma kömək elədi. Görün, necə dəyər verən insanlar vardı. Əsl xoşbəxtlik bu idi. Amma indi bəzi müğənnilər var ki, efirə çıxıb iki mahnı oxumaqla elə zənn edirlər, böyük sənət nümayiş etdirirlər. O dövrdə məşhur bəstəkarlar şəxsən mənim səsimə uyğun mahnılar da bəstələmişdilər".
Toylara çox az pul müqabilində çağırılan müğənni bundan təəssüfləndiyini deyib:
"Bu sənətə 40 il canımı qoymuşam. Hətta ailəmi qurban etmişəm. Neçə-neçə mahnılar oxumuşam. İndi toya gedəndə 50-100 manat pul verirlər. Əlbəttə, mənim kimi müğənni üçün bu, təhqir sayılır. Ona görə övladlarım da toya getməyimə icazə vermirlər. Bu vəziyyət sağlamlığıma, psixologiyama mənfi təsir edir. Əlaqədar qurumlardan məni evlə təmin etmələrini xahiş edirəm. Övladlarım evsizlik probleminə görə hələ ailə qurmayıblar..."
Bu sözləri deyərkən göz yaşlarına hakim ola bilməyən Süleyman Zeynalov hazırda ən böyük arzusunun babalıq hissini yaşamaq olduğunu söyləyib.