Natiq Nuriyev: "Toya dəvət etmək üçün Aftandil İsrafilovun qapısında maşınlar növbəyə dururdu"
"Elə toy olub ki 50 manata getmişəm. Elə toy olub ki, 5000 manat pul almışam. Yəni, vəziyyətə baxmışam". Bu fikirləri APA TV-nin maraqlı layihələrindən “Ulduz axını”nın qonağı olan əməkdar artist, skripkaçı Natiq Nuriyev "Ulduz axını" deyib.
O toylara ilə əvvəl atası ilə getdiyini deyib: “Sonra Aftandil İsrafilovla getməyə başladım. Çünki hələ Bülbül Adına Orta İxtisas Musiqi Məktəbində oxuyurdum, tək getməyə qoymurdular. Aftandil İsrafilovu müşayiət edirdim. Ona həsəd aparırdım. Toydan yorğun gəlib yatırdı, onu toya dəvət etmək üçün qapısının ağzında maşınlar növbəyə dururdular. Sonralar bu iş mənim də başıma gəldi. Yorulub yatırdım, oyananda atamgil deyirdi ki, qonaqlar var, toy sifarişi vermək üçün gəliblər..."
Natiq Nuriyev bəzi skripka çalanların özlərini yerli-yersiz reklam etməsinə də toxunub: “İndi elələri var, çıxıb efirdə deyirlər skripkam büllurdandır, 50 min dollara sifariş etmişəm. Əslində mən bilirəm ki, o skripka plastmasdandır. Ən uzağı 4-5 min qiyməti var. Qoy desinlər, əslində hamısı boş söhbətlərdir. Aeroportun bu başından girib o başından çıxırlar, sonra da deyirlər ki, xaricdə konsert verdim. Şadlıq evlərindəki skripkaçılar sənəti gözdən salırlar, skripkanı biabır eləyirlər. Mənim ixtiyarım çatar ki, onların əlindən skripkanı alıb qıram, amma eləmirəm. Uşaqdırlar, zəmanə də ağırdır. Mənə qarşı kobudluq edərlər, sonra dözə bilmərəm... Amma məsələn, Ceyhun, Ramin, Səlim yaxşı sənətkarlardır. Amma lap okeanın o tayında da çalsam, onların biləcəklər ki, bu skripkanı çalan Natiqdir”.
Natiq Nuriyev fəxri ad düşkünü olmadığını deyib: “Fəxri ad düşkünü olmamışam deyir. Ad diqqət, hörmət olsa da, məndən çox, uşaqlarım sevinir. Həmişə solo ifa etmişəm, amma kimsəni müşayiət etməmişəm. Aftandil İsrafilovdab başqa. Bir dəfə də ansamblda işləmişəm - rəhmətlik Gülarə Əliyeva ilə, "Dan Ulduzu" ansamblında. Gülarə xanımla 8 il bir yerdə çalışmışam. Xeyli ölkələr gəzmişəm".
Üç diplomu olan Natiq Nuriyev hesab edir ki, bu diplomlar bir günü onun köməyinə çatacaq: “Bir zaman gələcək ki, ifaçılıq fəaliyyətimə fasilə verəcəyəm. Yəqin, onda oxuyub aldığım üç dənə musiqi müəllimi diplomundan biri işimə yarayacaq”.