Nailə İslamzadə: “İndi televiziyada insanların dərdlərindən şou yaradırlar”

 

“Bu yaxınlarda oğlumun toyu oldu. Ona görə özümü çox xoşbəxt hiss edirəm. Artıq qayınanayam”.  Bu fikirləri APA TV-də yayımlanan “Ulduz axını” verilişinin qonağı olan tanınmış diktor Nailə İslamzadə deyib.

 

O hər kəsin göz qabağında olmaq istədiyini deyib: “Televiziya rəhbərlərindən çox şey asılıdır, gələnlər ciddi müsabiqədən keçməlidir. Günah yerində olmayanda deyil, onu ora seçəndədir. O zamanlar Mirzə Fətəli Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda oxuyurdum. Rəfiqələrim dedilər ki, telemüsabiqə elan olunub. Təsadüfən getdim, keçdim.  Çox şey qazandım, sağ olsun tamaşaçılar da, televiziya da. 7 ildir efirə çıxmıram, amma hələ də unudulmamışam. Aparıcı savadlı olmalıdır və peşəni sevməlidir. Peşənin ona gətirdiyi populyarlığı yox, peşənin özünü sevməlidir. İşini sevsən, populyar da olacaqsan. Bu iş mənə milyonların sevgisini qazandırdı”.

 

Nailə İslamzadə “Ailələr və talelər” verilişi ona çox populyarlıq gətirdiyini deyib: “Öz sözümü o verilişdə deyə bildim. İlk tok-şou idi, verilişin bütün ağırlığı da öz çiyinlərimdə idi.  Gələn bütün məktubları oxuyurdum, hətta gecələr belə oxuyurdum. İnsanlara kömək edirdik, dəvət elədiyimiz səlahiyyətli insanlarla birgə. Amma gördüyüm işləri heç vaxt reklam etmirdim.  Bir-birini axtaran insanları tapıb qovuşdururduq, indiyə qədər mənə ana deyənlər, zəng eləyib bayramlarda təbrik edənlər var.  Məqsəd şou yaratmaq deyildi, konkret iş görmək idi.  İndiki verilişlərdə hər şeyi çox çılpaqlığı ilə açıqlamaq var, bu, xoşuma gəlmir. İnsanların problemlərindən, dərdlərindən  şou yaradırlar. Deyirlər, tamaşaçı bunu istəyir, biz nəyi veririksə, ona baxacaq. Televiziya insanların zövqünü formalaşdıran bir vasitədir. İndi hər şeyin asan yoluna qaçırlar. Görün, insanları hansı təbliğatla formalaşdırırıq. Mən həmişə çıxış edəndə düşünürdüm, məsuliyyət hiss edirdim ki, mənə indi professor da, akademik də baxır, onların qarşısında bu ifadəni işlətmək düzgündürmü? Həmin auditoriyaya danışırdım, sözümü deyirdim. Uğurlarım məsuliyyətimin nəticəsidir”.

 

Nailə İslamzadə hər kəsdə özündənrazılıq hissi olduğunu deyib: “Hər kəs özündən razıdır, görək kənardan baxan da ondan razıdırmı? Xoşlamadığım insanlarla ünsiyyətdə olmuram. Adətən pessimizmə qapılmıram. Həyatda çox təsirlər almışam, amma həmişə gələcəyə inanım olub. Hər uğursuzluq gələcək uğurun başlanğıcıdır deyə düşünmüşəm. Moskvada xəstəxanada tək olmuşam, ağlamışam, amma sabaha inanmışam. Yaxşı düşünmək lazımdır ki, qarşına da yaxşı şeylər çıxsın”.

 

Tanınmış diktor televiziyanın tam dəyişdiyini deyib: “Televiziya tamam dəyişdi, bizim nəsildən kim qalıb ki. İndi serialda ana rolu oynayıram. Bu, bir təsadüf idi, davamı olmayacaq. Ulduz sözünü xoşlamıram.  Göydə bir ulduzum var, uşaqlıqdan seçmişəm onu. Ulduz göydə olar, ulduzum orada parıldayır”. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR