Faciə baş verən mədənin rəhbəri həbs olundu
Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsində baş verən mədən faciəsi ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilənlərin sayı 8 nəfərə çatıb. APA TV-nin məlumatına görə, Soma mədənçilik şirkətinin İdarə Heyətinin sədri Can Gürkan barəsində həbs-qətimkan tədbiri seçilib. İstintaq çərçivəsində saxlanılan şirkət rəhbəri prokurorluqdan dindirildikdən sonra növbətçi məhkəmə qarşısına çıxarılıb. Hakim Can Gürkanın ifadəsini dinlədikdən sonra onun həbs edilməsinə qərar verib.
Qeyd edək ki, Akhisar prokurorluğu tərəfindən "qəsdən bir və daha çox insanın ölümünə səbəb olma" maddəsi ilə aparılan istintaq çərçivəsində 26 nəfər saxlanılmışdı. Can Gürkandan əvvəl şübhəlilərdən 7-si - şirkətin mədən şöbəsinin müdiri Akın Çelik, mədənin baş direktoru Ramazan Doğru, mühəndislər Yalçın Ərdoğan, Ertan Ərsoy, o cümlədən, üç növbə rəisi barəsində həbs - qətimkan tədbiri seçilib.
Xatırladaq ki, mayın 13-də Soma qəsəbəsində yerləşən mədəndə partlayış və yanğın baş verib. Faciə nəticəsində 301 nəfər ölüb, 486 mədənçi isə yaralanıb. Bu, Türkiyənin tarixində ən böyük mədən qəzasıdır.