Əvvəllər qətl törətmiş qadın tanışının maşınından 47 min manat oğurlayıb - TƏFƏRRÜAT

Bakıda avtomobildən külli miqdarda pul oğurlayan dəstə üzvləri barədə həbs-qətimkan tədbiri seçilib. Dəstə üzvləri Binə qəsəbəsi Atçılıq massivində yaşayan Məmmədəli Hüseynova məxsus «Hyundai» markalı avtomobilin şüşəsini sındıraraq saxlanc yerindən 47 min manat oğurlamaqda təqsirləndirilirlər.  Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Arzu Mollayeva, Masallı rayon sakinləri Ariz Ağayev, Tural Qafarov və Rəsul Bayramov tutulublar. Məlum olub ki, Arzu Mollayeva ilə Məmmədəli Hüseynov bir-birlərini əvvəlcədən tanıyırmış. Hadisə baş verən gün onlar görüşüblər. Məmmədəli Hüseynov satdığı əmlakdan aldığı pulu avtomobilin saxlanc yerinə qoyanda Arzu Mollayeva bunu görüb. İmkan tapan kimi tanışlarına zəng vuraraq, məlumat verib və onlar cinayət əməlini törədiblər.

Qeyd edək ki, Arzu Mollayeva əvvəllər qəsdən adam öldürmə maddəsi ilə məhkumluq  həyatı yaşayıb.

 

Müəllif | Apa.Tv