Nazirliyin əməkdaşları 359 min manat mənimsəyiblər
İmişlidə saxta yollarla ünvanlı sosial yardım alanlarla bağlı aparılan araşdırmalar zamanı külli miqdarda pozuntu aşkar edilib. APA TV-nin xəbərinə görə, Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuzluqlara yol vermələri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı məlkum olub ki, mərkəzin vəzifəli şəxsləri 358 min 866 manat məbləğində ünvanlı dövlət sosial yardımını qanunsuz olaraq, artıq hesablayıb vətəndaşlara ödəməklə israf ediblər. Həmin şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Əmək və Əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ötən müsahibələrdə qeyri-qanuni yolla sosial yardım alanlarla bağlı İmişli və Lerik rayonundan məlumat daxil olduğunu bildirərək, həmin şəxslərlə bağlı hüquq mühafizə orqanlarına müraciət etdiyini bildirmişdi. Bundan başqa Ağdamda saxta yollarla ünvanlı sosial yardım alanlarla bağlı aparılan araşdırmalar zamanı 150 min manat məbləğində vəsait büdcəyə qaytarılıb, 86 nəfərin həqiqətən qeyri-qanuni ünvanlı sosial yardım aldığı müəyyənləşdirilib
Hazırda iş üzrə istintaq davam etdirilir.