Tovuzda 3 evə ildırım düşdü, azyaşlı yaralandı

Tovuzda yağışla müşahidə olunan güclü şimşək çaxmaları nəticəsində 3 evi ildırım vurub. Qovlar şəhər İcra Nümayəndəsi Oruc Binnətovun APA TV-nın qərb bürosuna verdiyi məlumata görə, hadisə şəhərin Nizami küçəsi, dalan-1 ünvanında baş verib. Şəhər sakini, Aygün Rəhimovaya məxsus evə düşən ildırım evin elektrik sayğacını sıradan çıxardıb və naqilləri əridib. Bundan başqa, ev əşyalarından televizor, soyuducu tamamilə yararsız hala düşüb. İldırım düşməsi nəticəsində Aygün Rəhimovanın qonşusu - Həmidə Əsgərovanın da evinə ziyan dəyib. Alakol kənd sakini 14 yaşlı Arzuman Hüseynov qolundan yanıq xəsarətləri alıb. İlk tibbi yardım alan azyaşlının vəziyyətinin normal olduğu bildirilir. 

Müəllif | Apa.Tv
Azər Məmmədli