Yasamal İcra Hakimiyyəti: "Sovetski"dən köçmək istəyənlərin sayı artır

Bakının “Sovetski” məhəlləsində evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəyən ailələrin sayı 1200 nəfərə çatıb. Bunu APA TV-yə açıqlamasında Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini, İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov bildirib. O deyib ki, 852 mənzilin sahibi ilə razılaşma protokolu imzalanıb, artıq 836 əmlak sahibinin bank hesabına vəsait köçürülüb. Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır. Komissiya sədri söküntü ərazisinə düşən 2989 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işlərinin aparıldığını, 81 mənzil və qeyri-yaşayış sahəsinin söküldüyünü də açıqlayıb. Köçürmə Komissiyası “Sovetski” məhəlləsində özəl şirkətlər tərəfindən aparılan  tikinti işlərinə aydınlıq gətirib. Komissiya sədri bildirib ki, “Sovetski” məhəlləsində söküntü sahəsinə düşən yaşayış və qeyri-yaşayış sahələri dövlət tərəfindən alınırsa, həmin ərazilərdə hər hansı tikinti işlərinin özəl şirkətlərə satılmasından söhbət gedə bilməz.

 

Müəllif | Apa.Tv