Dmitri Medvedyev: "Ukraynanın ərazi bütövlüyü ilə bağlı öhdəliyimiz yoxdur"
"Rusiya Ukraynanın ərazi bütövlüyünün qorunması ilə bağlı üzərinə heç bir öhdəlik götürməyib. Ona görə də bununla bağlı heç bir zəmanət verə bilməz".
APA TV-nin xəbərinə görə, bu barədə Rusiya baş naziri Dmitri Medvedyev "Bloomberg" telekanalına müsahibəsində deyib. "Qoy, bizim dialoq tərəfdaşlarımız, o cümlədən Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları bizə zəmanət versin ki, Ukraynanın daxili işlərinə qarışmayacaq, bu ölkəni Şimal Atlantika Alyansına çəkməyəcək, Şərqdə yaşayan insanlar rus dilində danışmaq imkanlarını itirməyəcək və hər hansı ağılsız Sağ sektor gəlib onları incitməyəcək. Qoy, bizim tərəfdaşlarımız bizə bu mövzuda zəmanət versinlər",- deyə ba nazir əlavə edib.
Medvedyev Moskvanın Ukraynanın bir hissəsinə özünə qatmaq istəyi ilə bağlı xəbərləri təxribat adlandırıb. Amerika ilə münasibətlərə toxunan rusiyalı baş nazir Amerika prezidentinin Rusiya ilə danışıqlarda kifayət qədər siyasi iradə göstərməməsi səbəbindən iki ölkə arasında münasibətlərin ikinci soyuq müharibəyə yönəldiyini deyib: "Biz prezident Obama ilə Rusiya-Amerika münasibətləri üçün kifayət qədər yaxşı işlər görmüşük. Ona görə də çox təəssüf edirəm ki, bu müddətdə əldə etdiklərimiz demək olar ki, sıfıra düşür. Biz soyuq müharibəyə tərəf irəliləyirik ki, bu da heç kəsə lazım deyil".
Dmitri Medvedyevin sözlərinə görə, Rusiyanın Qərbin istənilən sanksiyalarına qarşı cavab tədbirləri var.