FHN maarifləndirmə işlərini davam etdirir
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Lənkəranda “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi" mövzusunda regional seminar-müşavirə keçirib. APA TV-nin məlumatına görə, respublikanın cənub bölgəsini əhatə edən rayonların bələdiyyə, fermer təsərrüfatı, texniki nəzarət müfəttişliyi və digər nümayəndələrin iştirak etdikləri tədbirdə yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar qarşıda duran vəzifələr geniş şəkildə müzakirə olunub.
Seminar-müşavirədə Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Yanğına qarşı təbliğat şöbəsinin rəisi, polkovnik Hikmət Xudiyev qarşıdan gələn mövsümdə dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin meşələrdə yanğınların baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsindən danışıb.
Tədbirdə dənli və texniki bitkilərin yığımı dövründə yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən plakatlar seminar-müşavirə iştirakçılarına paylanılıb, Xidmət tərəfindən təşkil olunmuş texniki sərgi və video çarx nümayiş etdirilib.