Daşların sirrini bilən adam - REPORTAJ

Elman Ədalət Xaçmaz rayonunun Alıcqışlaq kəndində yaşayır. 20 ildən çoxdur ki, çay  daşları üzərində oyma sənəti ilə məşğuldur. Onda bu sənətə maraq kiçik yaşlarından yaranıb. Elman Ədalət APA TV-yə deyir ki, bu işə həvəsi ilk dəfə Qobustan qayaüstü rəsmlərini görəndə yaranıb. Bundan sonra qaya üzərində cızma üsulu ilə həkk olunan təsvirləri çay daşları üzərinə köçürməyə başlayıb. "Çay daşının kəsmə daşdan, qranitdən, mərmərdən əsas fərqi ondadır ki, çay daşı qəlpə verir. Çay daşının üstündə işləmək çox çətindir. Xırda bir səhv əsərin korlanmasına gətirib çıxara bilər. 2007-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirmişəm. Rəssam-qrafikəm. Bu sənətdə məni öyrədən olmayıb. Öz marağım olub, heykəllərə, barelyeflərə ki, bunları necə yaradırlar". Ədalət Elman 1996-cı ildən başlayaraq respublikada keçirilən müxtəlif səviyyəli sərgilərdə daim iştirak edib. Gənc sənətkar 2007-ci ildə Moldovada təşkil olunan sərgiyə dəvət alıb və onun işində  iştirak edib. 3 dəfə fərdi sərgisi keçirilib.

"Bu sənət çox qədim sənət növüdür. Daş dövrünə gedib çıxan bir sənət növüdür". Çay daşlarında Mustafa Kamal Atatürk, Heydər Əliyev, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Natəvan, Həsənbəy Zərdabi, Səməd Vurğun, Babək, Xaqani, Nəsimi, Naxçıvani, Səttar Bəhlulzadə və müxtəlif tarixi şəxslərin rəsmini həkk edib. "Mövzular mənim öz fantaziyamdır, öz təxəyyülümdür. Məsələn, İçəri şəhəri seçirəm, xoşuma gəlir, mənim ürəyimə yatır. Gedib otururam İçəri şəhərdə, baxıram, eskizlər edirəm, gəlib oturub işləyirəm". Sənətkarın bu vaxta kimi 350-dək əl işi var.

 

Müəllif | Apa.Tv
Vəli Turan