Ağ Evin saytında Rusiya əleyhinə petisiya yerləşdirildi

Ağ Evin internet saytında Rusiyanın "Terrora dəstək verən dövlət" kimi tanınması ilə bağlı hazırlanan petisiyanı 100 min 307 nəfər imzalayıb. APA TV-nin məlumatına görə, petisiyanın nəzərdən keçirilməsi üçün mayın 23-ə kimi 100 min imza toplanmalı idi. Qeyd edək ki, Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində yerləşdirilmiş petisiyada deyilir ki, Ukraynaya qarşı elan olunmamış müharibədə Rusiya gizli əməliyyatlara arxalanır və bu, beynəlxalq terrorçuluq termininə uyğun gəlir. Ukrayna vətəndaşı qismində çıxış edən maskalı Rusiya silahlıları hədə-qorxu ilə Ukrayna siyasətinə təsir etməyə çalışırlar. Onlar həmçinin hökumət binalarını, polis postlarını və Ukrayna hərbi bazalarını ələ keçirərək, hökumətin sui-qəsdlər və adam oğurluğu kimi cinayətlərdə adının hallandırılmasına cəhd edirlər. Bu fəaliyyət ABŞ, G-7, NATO, Aİ və BMT tərəfindən pislənməsinə baxmayaraq, geniş miqyasda və uzun müddətdir aparılır.

 

Müəllif | Apa.Tv