Təhsil Nazirliyi: İnternat məktəbində uşağın döyülməsi...

Təhsil Nazirliyi Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində şagirdin döyülməsi barədə xəbərlə bağlı araşdırmanın nəticəsini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, yerində araşdırma aparılıb və məlum olub ki, informasiya həqiqətə uyğun deyil, baş vermiş hadisə təhrif olunub. Mayın 16-da saat 17:00 radələrində II sinif şagirdi, 2006-cı il təvəllüdlü Nahid Cavadov internat məktəbinin sanitar qovşağında sürüşərək yıxılıb və alın nahiyəsindən zədə alıb. X sinif şagirdi onu yerdən qaldıraraq, tərbiyəçinin yanına aparıb və uşağa ilkin yardım göstərilib. Aldığı zədə nəticəsində ertəsi gün onun gözlərinin altı qaralıb. Təhsil Nazirliyinin əməkdaşları ilə söhbət zamanı Nahid Cavadov yıxıldığını təsdiqləyib. Şagird eyni sözləri dünən internat məktəbinə gəlmiş MTN və DİN-in əməkdaşlarına da söyləyib. Uşağın zədə alması hadisəsində 7 nömrəli xüsusi internat məktəbinin müəllim-tərbiyəçi heyətinin təqsirinin olması təsdiqlənməyib.

Təhsil Nazirliyi hadisə barədə sifarişli və qərəzli informasiyanı yaymaqla ictimaiyyəti çaşdırmağa, bununla təhsil müəssisəsinin kollektivinin nüfuzuna xələl gətirməyə və tədris prosesinin normal ahəngini pozmağa yönəlmiş hərəkətləri qəti şəkildə pisləyir və buna yol vermiş şəxslər barəsində hüquqi çərçivədə müvafiq addımların atılması, o cümlədən araşdırmanın aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır.

 

Almaz

Müəllif | Apa.Tv
Almaz Qasımova