Balakəndə kitab bayramı keçirilib
Balakəndə kitab bayramı keçirilib. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında rayon rəhbərliyinin, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər kitabsevərləri əlamətdar bayram münasibətilə təbrik edib. Tədbirdə qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” kitabxana işinin daha da inkişaf etdirilməsində mühüm əhəmiyyət daşıyır. Hazırda rayonun kitabxanalarının fondlarında 160 mindən artıq ədəbiyyat var. Bu kitabların 67 minə yaxını latın qrafikası ilə çap olunmuş ədəbiyyatdır.
Bayram çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramazan Xutrayevin ulu öndər Heydər Əliyevin 91 illik yubileyinə ithaf etdiyi “Əbədi dönməzdir istiqlalımız” kitabının təqdimat mərasimi keçirilib.
Sonra bayram iştirakçıları uşaq incəsənət məktəbi şagirdlərinin hazırladıqları maraqlı konsert proqramını izləyiblər.
Tədbirdə rayonun bir sıra kitab həvəskarları mükafatlandırılıb.