Azərbaycanlı həbsxana rəisinin adı "Maqnitski siyahısı"nda!
Amerika Birləşmiş Ştatlarının elan etdiyi "Maqnitski siyahısı"na "Matrosskaya tişina" İstintaq Təcridxanasının rəisi azərbaycanlı Fikrət Tağıyevin də adı daxil edilib. Məhz həmin təcridxanada ölən vəkil Sergey Maqnitskinin adı ilə bağlı siyahıda daha 11 Rusiya vətəndaşının adı var. Bunlar Andrey Kreçetov, İqor Alisov, Vyaçislav Xlebnikov, Dmitri Klyuyev, Umar Şuqaipov, Larisa Litvinova, Viktor markelov, Vladlen Stepanov, Aleksandr Qaus, Musa Vaxayev və Dmitri Kratovdur. Onlar insan haqlarını pozmaqda ittiham olunurlar. Bu ilin aprelində açıqlanan siyahıya 32 Rusiya vətəndaşının adı daxil edilmişdi və sənədi Avropa Parlamenti də dəstəkləmişdi. Bununla da onların Avropa İttifaqı ərazisinə səfər etməsi qadağan oluna bilər. Sanksiya tətbiq edilən bu şəxslər Sergey Maqnitskinin ölümündə, bunun ört-basdır edilməsində və ailəsinin incidilməsində günahkar bilinir. Xatırladaq ki Sergey Maqnitski 2009-cu ilin noyabrında "Matrosskaya Tişina" istintaq təcridxanasında həyatını itirib.